Cari mövsümün sonu Azərbaycan futboluna ağır itki üz verdi. Son illərə öz damğasını vurmuş, yarandığı 2004-cü ildən bu yana yüzminlərlə azarkeşin sevimlisinə çevirilmiş “Xəzər Lənkəran" fəaliyyətini dayandırdığını elan etdi. Daha doğrusu, klub rəhbərliyinin qərarına əsasən, klubun aşağı yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlara qatılacaq. Əsas və əvəzedici heyət isə çempionatlarda iştirak etməyəcək. Bununla da daha bir klub Azərbaycan futbolunun qəbristanlığında özünə yer tutmuş oldu. Acınacaqlı məqam budur ki, söhbət iddialı, çempionata rəng qatan komandadan gedir. Ümumiyyətlə, müstəqil çempionatımızın keçirilməyə başladığı 1992-ci ildən bu günə kimi, 53 klub fəaliyyətini dayandırıb. Onların arasında həm elita, həm də I Divizion təmsilçiləri olub. “Xəzər Lənkəran" “dünyasını dəyişən" 54-cü klub oldu. Onu da təəssüflə qeyd etməliyik ki, fəaliyyətini dayandıran klubların sırasında titullu, ölkə çempionu və kubokunu qazanan, hətta Avropada tarix yazan komandalarımız da var. Bu yazıda da məhz həmin komandalardan söz açacağıq.
“Xəzər" (Sumqayıt"), 1995
Müstəqil çempionatımızın ilk illərində Sumqayıt “Xəzər"i ölkədə ən güclülərən idi. Sabir Əliyevin baş məşqçisi olduğu komandanın heyətində Vaqif Sadıqov, Azər İsayev, Yaşar Vahabzadə, Nazim Əliyev, Mehman Yunusov kimi təcrübəli, Aqil Məmmədov, İsmayıl Məmmədov, Kamal Quliyev, Seymur Rəhimov, Zahir Əsgərov kimi istedadlı gənclər var idi. Komanda yerli zavodların himayəsində idi. SSRİ-dən qalma “Xəzər" müstəqil çempionatımızın ilk iki mövsümündə gümüş medalları qazandı. 1994-cü ildə isə 4-cü yeri tutdu. Bu nəticələr isə bu gün üçün 3 il ard-arda avrokuboklara vəsiqə deməkdir. Lakin təəssüf ki, 1995-ci ildə “Xəzər" maddi sıxıntı ucbatından fəaliyyətini dayandırdı. 2001-ci ildə komanda yenidən bərpa olundu və ilk ildəcə yenidən güclülər dəstəsinə qayıtdı. Maraqlıdır ki, həmin vaxt da baş məşqi Sabir Əliyev idi. Yenidən “doğulan" “Xəzər"in ömrü uzun sürmədi. 2004-cü ildə həm maddi sıxıntı, həm də daxili çəkişmə komandanın məhvi ilə nəticələndi
“İnşaatçı" (Bakı), 1995
“İnşaatçı" müstəqil Azərbaycanımızın ilk milli çempionatının güclü komandalarından olub. Komandanın heyətində Faiq Əzizov, Yadigar Rəhimov, Nəsimi Nuriyev, Nazim Nuriyev, Aydın Ələkbərov, Zöhrab Qədiyev, Munis Abdullayev kimi futbolçular oynayırdı. Təsadüfi deyil ki, bu komanda müstəqillik dövründə Azərbaycan Kubokunun ilk qalibidir. Komandanın sponsoru olan Evtikmə Kombinatının maliyyə vəziyyətinin pisləşməsi 1995-ci ildə komandanın fəaliyyətini dayandırması ilə nəticələndi.
“Xəzri" (Buzovna), 1997
1995-ci ildə futbol elitamıza “Xəzri Eltac" adı ilə qədəm qoyan bu komanda ən yaxşı dövrünü “Xəzri" adı altında keçirib. 1996-cı ildə bürünc medalları qazanan Buzovna təmsilçisi ölkəmizi UEFA Kubokunda təmsil edib. Heyət kifayət qədər güclü idi: Faiz Əzizov, Azər İsayev, İmanxan Sultani, Aleksandr Musatkin, Paşa Əliyev, Vəli Hüseynov, Əfqan Talıbov... Lakin Nadir Qasımovun rəhbərlik etdiyi komanda ilk mərhələdə Polşanın “Qutnik" klubu ilə üz-üzə gəlib və səfərdəki ilk matçda rüsvayçı hesabla məğlub olub - 0:9. Bakıdakı 2:2-lik heç-heçə isə zəif təsəllidən başqa bir şey deyildi. 1997-ci il isə komanda üçün son oldu. Ölkə kubokunda finala çıxan komanda “Kəpəz" önündə favorit sayılsa da, müəmmalı şəkildə məğlub oldu. Bundan sonra komanda demək olar ki, dağıldı. Düzdür, 1997/98-ci illər mövsümündə “Xəzri" gənc heyətlə yenidən mübarizəyə başladı. Lakin ilk dövrə başa çatmamış maddi sıxıntı ucbatından yenidən fəaliyyətini birdəfəlik dayandırdı.
“Bakı Fəhləsi"/“ANS Pivani", 2000
“Bakı Fəhləsi" də futbol səhnəmizə xüsusi dəst-xətlə qədəm qoydu. 1993-cü ildə 1-ci dəstədə mübarizə aparan komanda 1994-cü ildə güclülər dəstəsində çıxış etdi. O vaxt bu komanda maraqlı oyun üslubundan əlavə əsgərlikdən qayıtdıqdan sonra yenidən futbola dönən Vadim Vasilyevin uzun saçları ilə də azarkeşlərin diqqətini çəkdi. Məhz bu cür saç düzümünə görə Vasilyevi məşhur rus futbolçu İqor Dobrovolskiyə bənzədənlər də var idi. Komanda Yunanıstanda təlim-məşq toplanışı keçib “Saloniki" ilə (1:1) oynaması ilə də diqqət çəkmişdi. “Bakı Fəhləsi" 1998-ci ildə 4-cü yeri tutaraq İntertoto Kubokunda oynamaq şansı qazandı. Paytaxt təmsilçisi mərhələni keçməyə də yaxın idi. Litva “İkranas"ı ilə səfərdəki matçı 1:0 litvalıların xeyrinə nəticələnsə də, təmsilçimiz Bakıdakı cavab matçında eyni hesabla qələbə qazanmağı bacardı. Əlavə vaxtda da qalib müəyyən olunmayınca, oyun penaltilərə getdi və burada bəxt litvalıların üzünə güldü. Sonradan maddi sıxıntı çəkən komandanı “Pivani" şirkəti himayəsinə götürdü. ANS də bu şirkətə dəstək olunca, komanda “ANS Pivani" adlandırıldı. 2000-ci ildə isə sponsorun üzləşdiyi böhran komandanın dağılması ilə nəticələndi.
“Viləş" (Masallı), 2001
“Viləş"in də Azərbaycan futbolunda özünəməxsus izi olub. Masallı təmsilçisi ilk milli çempionatımızdan iştirak etməyə başlasa da, özünün pik nöqtəsinə ötən əsrin 90-cı illərinin sonunda çatıb. Belə ki, Qəhrəman Əliyevin baş məşqçisi, Alay Bəhramovun isə lideri olduğu komanda 1999/2000-ci illər mövsümündə 4-cü yeri tutaraq İntertoto Kubokunda oynamaq şansı qazanıb. 2000/01-ci illər mövsümündə isə daha uğurlu çıxış edərək bürünc medallara sahib olub və UEFA Kubokunda oynayıb. Lakin hər iki halda ilk mərhələdəcə mübarizəni dayandırıb. İntertoto Kubokunda Polşa “Zaqlembe"sinə heç bir müqavimət göstərə bilməyib və hər 2 oyunda uduzub - 0:4, 1:3. UEFA Kubokunda isə İslandiyanın “Qrindavik" klubuna qarşı müqavimət göstərsə də, yenə məğlubiyyətdən qaça bilməyib (0:1, 1:2). Elə məhz həmin qarşılaşmalardan sonra klubun sahibi Hacı Mazan komandaya tək baxmaq iqtidarında olmadığını açıqladı. Düzdür, o vaxt “Viləş"in Sumqayıt “Xəzər"i ilə birləşmək məsələsi gündəmə gəlmişdi. Sponsor taparaq yenidən bərpa olunan Sumqayıt təmsilçisi 1-ci dəstədə mübarizəyə hazırlaşırdı. Masallı klubu isə təklif etmişdi ki, komandalar birləşib yüksək liqada mübarizə aparsın və “Viləş-Xəzər" adlansın. Lakin Sumqayıt klubunun rəhbərliyi bu təklifi rədd etmiş və komandanın yalnız “Xəzər" adı altında elitada oynamasında maraqlı olduqlarını bildirmişdi. Bunu isə Hacı Mazan qəbul etməyincə məsələ qapanmışdı. Nəticədə “Viləş" isə fəaliyyətini dayandırmışdı.
“Şəfa" (Bakı), 2004
“Şəfa" daha çox AFFA-nın komandası kimi tanınırdı. 1996-cı ilə o vaxtkı federasiya rəhbərliyi U-18 millisinin əsasında “Şəfa"nı yaratdı. Komanda ilk vaxtlar daha çox elitada qalmaq və milli komandalara futbolçu yetişdirmək məqsədi uğurunda mübarizə aparsa da, 2001-ci ildə UEFA Kubokuna vəsiqə qazandı. Ancaq bu vəsiqədə AFFA-nın da böyük rolu oldu. Belə ki, həmin il ölkə kubokunun finalına kimi hakimlərin də dəstəyi ilə gedib çıxan “Şəfa" burada “Qızıl oyun"da “Şəmkir"ə uduzmuş “Neftçi" ilə qarşılaşdı. Şübhəli oyundan 2:1-lik qələbə ilə ayrılan “Şəfa" UEFA Kubokuna vəsiqə qazandı. Lakin burada Sloveniya “Olimpiya"sına hər iki oyunda uduzaraq mübarizəni ilk mərhələdəcə dayandırdı. 2002-ci ildə AFFA rəhbərliyindəki dəyişiklik “Şəfa"nın da taleyinə təsirsiz ötüşmədi. Günü-gündən zəifləyən və federasiyadan dəstək almayan komanda 2004/05-ci illər mövsümünün yalnız ilk dövrəsini oynaya bildi. Bundan sonra isə komanda fəaliyyətini dayandırdı.
“MKT Araz" (İmişli), 2008
“MKT Araz” Azərbaycan futboluna böyük pulların qədəm qoyduğu 2004-cü ildə yarandı. Baş məşqçi postuna ukraynalı İqor Nakoneçnı gətiridi. Eləcə də dünyanın bir çox ölkələrindən transferlər olundu. Hətta məşhur rus futbolçu Artyom Bezrodnı da İmişli klubuna gəlmişdi. Hər il transferlərə külli miqdarda pul xərcləsə də, komanda yalnız iki dəfə avrokuboklara vəsiqə qazana bildi. 2006-cı ildə turnir cədvəlində 8-ci pilləni tutmasına baxmayaraq, 4-7-cı yerlərdə qərarlaşan komandaların imtinası səbəbindən İntertoto Kubokunda oynamaq imkanı qazandı. İlk mərhələdəki rəqib Moldovanın “Tiraspol" klubu oldu. Rəqibindən qat-qat artıq büdcəyə və bahalı heyətə malik olmasına baxmayaraq “MKT Araz" mərhələni adlaya bilmədi (1:0, 0:2). 2008-ci ildə isə ölkə kubokunun finalına vəsiqə qazansa da, “Xəzər Lənkəran"a 0:1 hesabı ilə uduzaraq fəxri mükafatdan əlini üzdü. Lakin o vaxtın qaydalarına görə kubokun finalçısı kimi UEFA kubokuna vəsiqə qazandı. Burada isə ilk mərhələdə Polşa “Qrotslin"ə uduzaraq mübarizəni dayandırdı (0:0, 0:1). Elə məhz bu oyundan sonra da rəhbərlik komandanı buraxdığını açıqladı.
“Karvan" (Yevlax), 2014
“MKT Araz" kimi, “Karvan" da futbol elitamıza 2004-cü ildə qədəm qoydu. Güclü sponsora və heyətə malik Yevlax klubu Yunis Hüseynovun rəhbərliyi altında ilk mövsümdəcə bürünc medalları qazandı. İntertoto Kuboku uğrunda yarışa qatılan komanda Polşanın “Lex" klubuna müqavimət göstərə bilmədi və mübarizəni dayandırdı. Növbəti mövsüm isə gümüş medallara sahib çıxan “Karvan" bu dəfə UEFA Kubokunda mübarizəyə qoşuldu və tarix yazdı. Slovakiyanın “Spartak" klubuna hər iki oyunda 1:0 hesabı ilə qalib gələn Yunis Hüseynovun komandası Azərbaycan klubları arasında ilk dəfə UEFA kubokunda mərhələ keçdi. İkinci mərhələdə isə Çexiya “Slaviya"sına uduzaraq mübarizəni dayandırdı (0:2, 0:0). Bu məğlubiyyətdən sonra isə komandada eniş başladı. Rəhbərlik kluba maliyyəni tədricən azaltmağa başladı. Bu isə nəticələrdə də öz əksini tapdı. Yekunda 2010-cu ildə turnir cədvəlində sonuncu pilləni tutan komanda I Diviziona yuvarlandı və fəaliyyətini dayandırdı. 3 ildən sonra yendən I Divizionda mübarizıyə başlasa da, qısa zamanda yenə də maliyyə sıxıntısı səbəbindən təkrarən fəaliyyətini dayandırdı.
“Xəzər Lənkəran", 2016
“Xəzər Lənkəran"ın da yaranma tarixi “MKT Araz" və “Karvan"la eynidir. Bu klub da 2004-cü ildə futbolumuza güclü maliyyə axınının başladığı ildə yarandı. 10 illik tarixi ərzində daim iddia oldu. Xüsusilə də ilk illərdə klubun sahibi Mübariz Mənsimov böyük sərmayə yatırdı. Komanda ilk ildəcə çempion ola bilərdi. Lakin “qızıl oyun"da “Neftçi"yə uduzaraq gümüşlə kifayətləndi. Komandanın Avropada debütü uğursuz oldu. Komanda özündən qat-qat zəif büdcəyə malik, hətta Bakıya cavab oyununa gəlmək üçün futbolçusunu satan Moldova “Nistru"suna məğlub olaraq mübarizəni dayandırdı (1:3, 1:2). Lakin Ağasəim Mircavadovu baş məşqçi postuna aparan Mübariz Mənsimov 2007-c ildə istəyinə nail oldu. Mircavadov da özü ilə birlikdə Mahmud Qurbanov, Emin Quliyev kimi futbolçuları “Neftçi"dən “Xəzər Lənkəran"a apardı və 2007-ci ildə tarixində ilk və sonuncu çempionluğunu qazandı. Çempionlar Liqasının ilkin mərhələsində isə güclü Zaqreb “Dinamo"su ilə baş-başa mübarizə aparsa da, yekunda məğlub oldu (1:1, 1:3). Bundan sonra “ağ- yaşıllar" çempion ola bilməsələr də, iki dəfə ölkə kubokuna sahib çıxmağı bacardılar. 10 illik tarixi ərzində Mirça Rednik, Con Toşak kimi məşqçilərlə işləyən komanda eyni zamanda “Birlik Kuboku"nu da başı üzərinə qaldırdı. Lakin təəssüf ki, klub Avropada layiqli çıxış edə bilmədi. 2008-ci ildə UEFA kubokunda Polşa “Lex"inə (0:1, 1:4), 2010-cu ildə isə İsrail “Makkabi"sinə uduzaraq (1:3, 0:0) növbəti mərhələyə adlaya bilmədi. Kluba tarixində ilk mərhələ sevincini isə Yunis Hüseynov yaşatdı. Məhz onun rəhbərliyi altında “Xəzər Lənkəran” 2012-ci ildə Estoniya “Nomme Kalyu"sunu məğlub edərək tarixində ilk dəfə mərhələ adladı (2:2, 2:0). Təəssüf ki, növbəti raundda güclü Polşa “Lex"i yenə “Xəzər Lənkəran"ın qarşısını kəsdi (1:1, 0:1). Komandanın ən rüsvayçı Avropa səyahəti isə Con Toşakın dövründə oldu. 2013-cü ildə ilk mərhələdə Malta “Slame"sini çətinliklə keçsə də (1:1, 1:0), növbəti mərhələdə Hayfa “Makkabi"si önündə rüsvay oldu (0:2, 0:8). Elə həmin vaxtdan da komandada eniş başladı. Ötən ildən isə Mübariz Mənsimov komandaya maliyyə yardımnı dayandırdı. Yaınız “Pal Süd"ün ümidinə qalan klubu, sabiq futbolçularının FİFA-ya şikayəti səbəbindən üst-üstə gələn borclar da bir tərəfdən yıxdı. Nəticədə gənc futbolçuların ümidinə qalan komanda 2015/16-cı illər mövsümünü sonuncu pillədə başa vurdu və ardınca rəhbərlik də komandanın fəaliyyətini dayandırması ilə bağlı qərar verdi.
Növbədə kimdir?
Haqqında bəhs etdiyimiz klublar nə vaxtsa ölkə çempionu olmuş, medalçılar sırasına düşmüş və ya Azərbaycan Kubokunu götürmüşlərdir. Amma müstəqillik dövründə bir sıra uğurlara imza atmış, lakin hazırda dilənçi kökündə yaşayan komandalarımız da az deyil. Növbədə kimdir? 2 dəfə ölkə çempionu olmuş, Çempionlar Liqasında ilk dəfə mərhələ adlamış “Şəmkir”? Komanda rəhmətlik “Saşa”nın vaxtında qazandığı hörməti artıq çoxdan xərcləyib. Neçə ildir ki, 1-ci dəstədə “can verir”. Yaxud 3-cü çempionumuz, avrokuboklardakı ilk təmsilçimiz olan və borca görə adını “Turan-T”, daha sonra “Turan Tovuz”a dəyişən “Turan”? Bəlkə “Bakı”? Avrokubok dadı görmüş, ölkə çempionatında medalçılar sırasına düşmüş “Dinamo”nun bazası əsasında yaradılmış “Bakı”nın vəziyyəti hamıya məlumdur. Güman ki, növbə “Bakı”nındır. Bəlkə... Dünyanın işindən baş açmaq olmur. Nə vaxtsa, adıçəkilən komandalar Premyer Liqada “at oynadırdılar”. İndi isə tibbi dildə desək, komadadılar. Onların tezliklə “sağalacağı” ümidi ilə tarixin yaddaşına köçənlərə dahi Cəlil Məmmədquluzadənin təbirincə “Allah sizə rəhmət eləsin, ölülər” deyirik.
Anar XANLAROV "Het-trik news" qəzeti
saytlarin hazirlanmasi