Milli komandamızın futbolçusu və "Neftçi"nin kapitanı Araz Abdullayev sentyabrın 4-də San Marino yığması ilə keçiriləcək oyuna hazırlıqla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Araz Abdullayev millidə hazırlıqların yaxşı getdiyini bildirib:
"Hər bir futbolçu məşqdə canla-başla çalışır. Mən də istəyirəm ki, baş məşqçi start heyətində mənə şans versin. Bunun üçün özümü daha yaxşı göstərməliyəm. Robert Prosineçki etimad göstərəcəyi təqdirdə meydanda canımızı qoymağa hazırıq".
Abdullayev "Neftçi"dəki ruh düşkünlüyünün milliyə təsir etməyəcəyini söyləyib:
"Yığma komandaya görə bütün gücümüzü qoymalıyıq. Əgər oyuna zəif köklənsək, çətinlik çəkəcəyik. Yaxşı hazırlaşsaq, qələbə bizimlə olacaq. Çalışacağıq ki, San Marinodan qələbə ilə qayıdaq. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik".
Abdullayev yığmaya yeni dəvət olunan Ramil Şeydayev və Emin Mahmudovdan da danışıb:
"Milliyə dəvət alıblarsa, deməli, kömək edilməyə layiqdirlər. Əlbəttə, yaxşı futbolçulardır. Onlar bizə kömək edəcəklər. Hamımız diqqətimizi San Marino ilə oyuna yönəltmişik".
"Neftçi"nin kapitanı yay transfer pəncərəsində xarici klublardan transfer təklifi aldığını açıqlayıb:
"Xaricdən təkliflərim vardı. Ancaq Avropada transfer pəncərəsi bağlı elan edilib. Ən azı qışadək "Neftçi"nin futbolçusuyam".
saytlarin hazirlanmasi