Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, 47 yaşlı çalışdırıcı DÇ-2016-nın seçmə mərhələsində Norveç üzərindəki qələbə (1:0) və Çexiya ilə heç-heçə (0:0) barədə danışıb.
- Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki nəticəsi sürpriz qarşılandı...
- Azərbaycana qələbə ruhunu gətirdik. Təbii ki, buna görə şadam. Hər şey bir gecənin içində baş verdi. Ötən seçmə mərhələdə göstərdik ki, düzgün yoldayıq. Azərbaycan yığması əvvəl heç vaxt belə nəticəyə imza atmayıb. Bu, əladı. 3 oyundan 7 xal toplamışıq. Üstəlik, qapımızdan top buraxmamışıq. Özü də oyunlardan ikisini Norveç və Çexiya kimi böyük komandalara qarşı keçirmişik.
- Belə söz-söhbət gəzir ki, son nəticələrə görə ümumi komandaya 700 min avro mükafat verilib…
- Bu, düzgün informasiya deyil. Şişirdilmiş rəqəmdi. Burda şərtlər yaxşıdı, amma işləmək lazımdı. Bizə güvənənlərin inamını doğrultmalıyıq.
- Bu nəticələrdən sonra eyforiyaya qapılmısızmı?
- Azərbaycanda eyforiya yaranıb. Mən isə buna fikir vermirəm, diqqətimi Şimali İrlandiya ilə oyuna yönəltmişəm. Arzu edirəm ki, bu gözəl seriyanı davam etdirək. Azərbaycanda artıq dünya çempionatının xəyalını qururlar.
- Uğur qazanmağın sirri nədədi?
- Uşaqlar inanmağa başladılar ki, onlar bunu edə bilərlər. Səfərdə çexlərdən xal almaq heç də asan deyil. Bu nəticədən çox razıyıq. Düzgün yoldayıq. Dediyim kimi, hər şey ötən seçmə mərhələdən başladı. Xorvatiya ilə heç-heçə etdik, İtaliyaya qarşı yaxşı oyun sərgilədik, Maltaya qalib gəldik. Odu ki, cari seçmə mərhələdəki nəticəmiz təsadüfi deyil. İki il ərzində yaxşı iş görmüşük. Heyətdə dəyişikliklər etdik, gənc futbolçuları milliyə çağırdıq. Bunun da xeyrini gördük.
- Azərbaycan millisi ilə yeni müqavilə bağlamağa hazırlaşırsızmı?
- Mən elə insan deyiləm ki, nəticə verən kimi, dərhal yeni müqavilə tələb edim. Bu, mənim tərzim deyil. Hazırkı müqaviləm 2017-ci ilin sonuna qədər nəzərdə tutulub. Bundan sonra baxarıq.
- Müqavilədəki bəndə əsasən, siz vaxtınızın çox hissəsini Azərbaycanda keçirirsiz. Uğurlu nəticədə bunun da rolu varmı?
- Çalışıram ki, Azərbaycan çempionatındakı bütün oyunları izləyim. Bütün futbolçuları diqqətdə saxlayıram, nəyisə qaçırmağı xoşlamıram. Fikrimcə, bu, düzgün yanaşmadı. Əgər mən işimi yaxşı görmək istəyirəmsə, bunu etməliyəm. Həvəslə işləyirəm. Artıq görürük ki, yığmada inkişaf hiss olunur. Futbolçularım mənim dediklərimə inanmağa başlayıblar. Bu sözləri hər gün təkrar edirəm. Deyirəm ki, sizin yaxşı keyfiyyətləriniz var, istənilən rəqibə qarşı oynaya bilərsiz.
- Övladlarınızı da Azərbaycana aparmısız?
- Bəli, dediyim kimi, mən Azərbaycan futbolunun tam içində olmağa çalışıram. Qızım Leonardın 16 yaşı var, Robert isə 13 yaşındadı. Hər ikisi Bakıda olan amerikan məktəbinə gedirlər. Bakı fenomenal şəhərdi.
- Çox güclü qrupa düşsəniz də, ilk 3 turda yaxşı nəticəyə imza atdınız...
- Bizim qrup seçmə mərhələnin ən çətin qruplarından biridi. Odu ki, ilk 3 oyunda imza atdığımız nəticədən həzz almağa və bir qədər dincəlməyə haqqımız çatır. Amma çox dincəlməməliyik. İşimizi davam etdirməliyik, çünki hələ heç nə etməmişik. Sadəcə, irəliyə bir addım atmışıq. Qrupun digər görüşləri də çətin keçəcək. Amma onu da qeyd edim ki, bu nəticələrdən sonra qrupdakı rəqiblərimiz Azərbaycan haqda daha çox düşünəcəklər.
- Robert Prosineçki hələ də Azərbaycan futbolunda çalışan ən böyük futbol ulduzudu?
- Düzdü, bu da futbolçu karyeramla bağlıdı. Amma istərdim ki, mənə məşqçi kimi hörmət etsinlər. Nəticələrimiz göz önündədi. Azərbaycan yığması seçmə mərhələyə heç vaxt bu cür başlamamışdı. Heç vaxt birinci oyunda qələbə qazanmamışdı, heç vaxt ardıcıl 2 görüşü qalibiyyətlə bitirməmişdi, heç vaxt ardıcıl 3 görüşü məğlubiyyətsiz başa vurmamışdı.
- Almaniya yığmasını da məğlub edə bilərsizmi?
- Eh... Almanlar mübarizə aparmaya-aparmaya ilk 3 oyunda qələbə qazanıblar. Onların səviyyəsi çox yüksəkdi. Amma heç kim bizdən bu seçmə mərhələdə böyük uğur tələb etmir. Bununla yanaşı, nəticə qazananda avtomatik olaraq, iştah da artır. Seçmə mərhələni yaxşı nəticə ilə bitirmək üçün əlimizdən gələni edəcəyik. (Apasport.az)