Bədavi Hüseynov: "Bu oyunda hamı bizdən uğurlu nəticə gözləyir"

11:11 - 9 Noyabr 2016

"Biz Şimali İrlandiyaya ən azı 1 xal aparmaq üçün gəlmişik. Belfastdan qayıdanda aktivimizdə azından 8 xalın olmasını istəyirik. Rəqib çox güclüdür. Həm də doğma meydanda oynaması bizə əlavə çətinlik yaradacaq. Bundan başqa irlandlar fiziki cəhətdən güclü və hündürboydurlar. Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Oyunun taleyini standart vəziyyətlər həll edə bilər. Buna görə müdafiədə çox diqqətli olmalıyıq".

 

Sportal.az xəbər verir ki, bunu millimizin futbolçusu Bədavi Hüseynov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun öncəsi deyib.

 

Bir müddət əvvəl zədələnən və "Qarabağ"ın Avropa Liqasında PAOK-la son oyununda meydanda olan Bədavi artıq tam sağalıb. Amma digər müdafiəçimiz Rəşad Sadıqovun Bakıdakı son məşqdə zədələnməsi yerinə düşməyib. Rəşadın oynamayacağı təqdirdə müdafiənin mərkəzində kimlər yer ala bilər? Bədavi Hüseynov

 

Robert Prosineçkinin müdafiənin mərkəzində hansı futbolçulara şans verəcəyini bilmədiyini söylətib:

 

"Mən zədəli olanda həmin mövqedə Rəşad Sadıqovla Maskim Medvedev oynamışdı. Düzü, Maksimin Çexiya ilə oyundakı çıxışı məni yaxşı mənada heyrətləndirmişdi. İndiyə kimi demək olar ki, həmin mövqedə oynamamışdı. Amma bunu hiss etdirmədi. Maksim təcrübəli futbolçudur və təcrübəsinin köməyi ilə müdafiənin istənilən yerində oynaya bilər. Əgər baş məşqçimiz bu dəfə də Maksimə müdəfiənin mərkəzində yer versə, heç kim təəccüblənməsin. Bu, əla seçim olardı".

 

Hüseynov "Qarabağ"ın futbolçularının hazırda yaxşı formada olduqlarını bildirməklə yanaşı PAOK üzərində qazanılan qələbələrin futbolçularda yüksək əhval-ruhiyyə yaratdığını və bunun yığmanın oyununa yaxşı mənada təsir edəcəyini söyləyib.

 

Xəbər xətti