Rusiyanın “Zenit” klubunun gənclərdən ibarət İOEUGİM komandasının baş məşqçisi Boris Rapoport müsahibə verib.
Sportal.az xəbər verir ki, mütəxəssis məktəbin yetirməsi olan Ramil Şeydayevin Azərbaycan yığması və “Trabzonspor” klubuna keçidinə münasibət bildirib.
- Şeydayev burada – “Zenit”də əsas heyətə düşmək üçün mübarizə aparmalı idi. Hazırda hücum xəttində böyük seçimin olmadığı vaxtı nəzərə almalı idi. Amma Ramil fərqli qərar verdi. Onun “Trabzonspor”a keçidini oyun praktikası qazanmaq fikri ilə başa düşürəm. Lakin bildiyimə görə, yeni klubunda da oynamır. Görünür, onunla elə insanlar məşğuldu ki, Ramilin səviyyəsi, klubunun durumu, futbolçunun orada heyətə düşmək imkanından xəbərsizdilər. Bu, Ramilin daha ciddi səhvidi, nəinki “Rubin”ə keçidi.
- Ramil “Rubin”də də o qədər çox oynamırdı...
- Məndə elə təəssürat yaranır ki, Şeydayevlə bağlı məsələ pul dalınca qaçmağa çevrilir. Bunun başqa izahı yoxdu. Futbol ikinci plana keçir. Əgər onun işləri ilə İOEUGİM-dəki kimi məşğul olsaydılar, hər şey normal gedərdi. Belə axmaqlıqlara, belə addımları da atmazdı. Əgər “Trabzonspor”da oynamırsa, deməli, öz inkişafını dayandırıb. Növbəti addım hansısa Azərbaycan klubuna keçid olacaq.
- Yeni pasportu ilə Rusiyaya dönüşü də çətin olacaq?
- Əlbəttə. Kifayət qədər ciddi səviyyəyə malik futbolçu olmaq lazımdı ki, Rusiya Premyer Liqasında meydana çıxan 6 legioner sırasına düşəsən. Bu, çox çətindi. Ramil isə Azərbaycan vətəndaşlığı almaqla özü üçün hər şeyi korladı. Legioner kimi xaricə getmək olar. Amma bunun üçün oynamaq da lazımdı. Şeydayev isə son illərdə heç oynamır. “Rubin”də oynamadı, qayıdıb “Zenit”in ikinci komandasında çıxış etdi. İndi də “Trabzonspor”da heyətə düşmür. Onun Azərbaycan yığması ilə bağlı seçimini başa düşə bilmirəm. Bu komanda nə Avropa, nə də digər böyük turnirlərə çıxa bilib. Ancaq seçmə mərhələdə çıxış edən milliyə keçməkdə məna nədi ki? Şeydayevə çox heyfim gəlir. İstedadlı oğlan idi. Rusiyanın gənclər yığmasında aparıcı rollarda idi. Məktəb üçün belə yetirmələrinin varlığı fəxrdi.
- Onunla əlaqə saxlamısızmı?
- O, bizdən uzaqlaşıb. Bəlkə də uşaqlıq illərində onu düzgün yetişdirməmişik və onun işləri ilə məşğul olan atasının təsiri daha çoxdu. Bizim belə yetirmələrimiz az deyil. Onlarla əlaqələri saxlayırıq. Amma Ramil bizdən uzaqlaşıb ki, bu da təəccüblüdü. Axı 6 yaşından bizimlə olub. (Apasport.az)