Futbolumuzun "26-cı dəqiqə"si QEYD

13:27 - 24 Dekabr 2016

Azərbaycan futbolu deyəndə, hər şeydən qabaq o (əks) hücum gəlir gözümün qabağına. Nazim Süleymanov Yünis Hüseynova ötürmə eləyir, Yunis sol cinahla irəliləyir, aldadıcı hərəkət, pauza götürür, əla ötürmə və Vidadi Rzayev İsveçrənin qapısından həmin tarixi qolu keçirir. 26-cı dəqiqədə vurulan o qol anında mərkəzi arenada sevinci yerə-göyə sığmayan azarkeşlər arasında mən də var idim. İndi, İsveçrə üzərində o möhtəşəm qələbədən 20 il sonra “CBC Sport”-dakı həmkarlarım sayəsində yenə o hissləri yaşadım.

 

20 il sonra yenə stadiona üz tuturam. Bu dəfə nostalji hisslər axtarışında. Tədbirin keçirildiyi Bakı Olimpiya Stadionuna gəlirəm. Foyedə futbol ictimaiyyətinin nümayəndələri söhbət eləyir, filmin başlama vaxtını gözləyirlər. Mənim isə bir gözüm “26-cı dəqiqə” filmini ərsəyə gətirən redaksiyamızın əməkdaşlarındadı. Onların həvəsli, inamlı, sevincli görkəmləri adama çox xoş gəlir. Axı, yaradıcı işin təməli ideya, həvəs, inam üzərində qurulur. 26-cı dəqiqənin davamını isə onlar - müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev və onun komandası gətirməliydilər.   

 

“CBC Sport”un baş direktoru Volkan Üstdə fərqli hisslər yaratmalıydı bu film. Bir tərəfdən onun rəhbərlik etdiyi kanalın əl işi, digər tərəfdən həmin matçda azərbaycanlı futbolçuların sərgilədiyi oyun. Volkan Üstün ardınca bir neçə çıxışdan sonra “26-cı dəqiqə” başlayır. Filmin əvvəlində tanımadığım bir adam xatirələrini danışır. Bu kimdir? Ruslan İdiqov... Heç yadımda qalmamışdı bu oyunçu mənim. “Əhsən, bunu haradan tapıb çıxarıblar”  - deyə, düşündüyüm bir məqamda tarixi uğurun artıq unudulmaqda olan digər qəhrəmanları da ekranda görsənməyə başlayır. Deni Qaysumov, Aleksandr Jidkov, Vyaçeslav Lıçkin, Rasim Abışov. Xaricdə olanlar “skype” ilə danışmışdılar. İllər sonra onların xatirələrini dinləmək çox maraqlıydı. Rasim Abışovun “topu qapıdan vurmaqdan ayağım yorulmuşdu” ifadəsi hamını güldürdü. İndi o oyun barədə hər ifadəni xoş təbəssüm, hər epizodu rahat qəbul eləsək də, həmin oyun çox ağır keçmişdi bizim üçün. Digər tərəfdən bəzi epizodları izləyəndə adamın inanmağı gəlmir ki, o milli çox nadir hallarda qələbə qazanırdı. Ekranda Nazim Süleymanovun driblinqlərinə baxırıq -  topu birinin ayaqları arasından atdı, ikincisini keçdi, üçüncünün yanından ötdü. Vidadi Rzayevin başgicəlləndirici hərəkətləri, Yunis Hüseynovun qızıl sol ayağı, nələr və nələr... 20 il sonra bu kadrları izləyən Volkan Üst də belə səviyyəli futbolçuları olan yığmanın nə üçün autsayder olduğunu anlamır yəqin.

 

Film bitdikdən sonra həmin matçın qəhrəmanları səhnəyə çıxırlar. Onların arasında AFFA-nın ilk prezidenti Fuad Musayevi görürəm. O, Nazim Süleymanovun SSRİ miqyasında ən güclü hücumçu olduğunu və yalnız Valeri Qazzayev (o vaxt Alaniya “Spartak”-ının  baş məşqçisi) üzündən “Real” Madrid klubuna transfer olunmadığını deyir. Vidadidən, Yunisdən və başqalarından da danışır. Amma o barədə danışmır ki, İsveçrə qələbəsinin davamı niyə gəlmədi o zaman...

 

Tədbir bitir, hamı asta-asta dağılışır. Həm filmin rəhbəri Azər Cavad Əliyev, həm müəllif Vəfa Ağabalayeva məmnun görünür. Elə redaksiyanın digər yaradıcı üzvləri də - Məmmədşərif, Rasim, Əminə,  Əzəmət, Sadiq, Sənubər. Onlar - “CBC Sport”-un kreativləri maraqlı bir işə qol qoyublar. Belə filmlər artıq silsilə olur bizim efirimizdə. Dostlarımı təbrik eləyirəm, ardı gəlsin!

 

Emin ABBASOV    

 

Xəbər xətti