AFFA rəsmisi: "Bizə də maraqlıdır ki, niyə "Bursaspor" rəhbərliyi elə açıqlamalar verir?"

11:55 - 25 Yanvar 2017

“İndiyədək onlar nə AFFA prezidenti, nə vitse-prezidentlər, nə də mənimlə görüşüblər”

 

AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin "Bursaspor" klubu rəsmilərinin Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə anlaşdıqlarına dair açıqlamalarına münasibət bildirib.

 

Sportal.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, federasiya rəsmisi vurğulayıb ki, belə bir anlaşmanın əldə olunduğu barədə məlumatlar həqiqətə uyğun deyil.

 

Onun sözlərinə görə, "Bursaspor" və AFFA rəhbərliyi arasında heç bir görüş olmayıb:

 

"İndiyədək onlar nə AFFA prezidenti, nə vitse-prezidentlər, nə də mənimlə görüşüblər. Hətta bizimlə əlaqə də saxlamayıblar, görüşə təşəbbüs də göstərməyiblər. Heç bir görüş olmadığı halda, bizə də maraqlıdır ki, niyə bu cür açıqlamalar veriblər? Sadəcə, mətbuatda onların açıqlamalarını gördükdən sonra özüm Prosineçkiyə zəng etdim. O, "Bursaspor" rəsmiləri ilə görüşdüyünü, amma AFFA ilə 2017-ci ilin sonunadək müqaviləsinin olduğunu bildirərək, təklifi qəbul etmədiyini söylədi".

 

Elxan Məmmədov bildirib ki, Robert Prosineçkiyə təkliflərin gəlməsi və baş məşqçinin onunla maraqlananlarla görüş keçirməsi normaldır:

 

"Prosineçki "Bursaspor" rəsmiləri ilə görüşə getməmişdən əvvəl bizə bu barədə məlumat vermişdi. Hər bir futbolçu və məşqçiyə təklif ola bilər. Amma Prosineçkinin özü də mətbuata açıqlamasında AFFA ilə ilin sonunadək müqaviləsinin olduğunu və hazırda Azərbaycan yığmasının martın 26-da Almaniya ilə keçirəcəyi dünya çempionatının seçmə oyununu düşündüyünü söyləyib. Yəni, bu məsələ bizim üçün qapanıb".

 

Qeyd edək ki, Robert Prosineçki ilə 2014-cü il dekabrın 3-də 3 illik müqavilə bağlanılıb. "Bursaspor" bir neçə gün öncə istefaya göndərdiyi Hamza Hamzaoğlunun əvəzinə yeni baş məşqçi axtarışındadır.

 

Xəbər xətti