Premyer Liqamızın 15-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçından (1 - 1) sonra "ağ-qaralar"ın yeni transferi İqnasio Herrera jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az çilili yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
- Azərbaycan çempionatında ilk oyununu çempiona qarşı oynadın. Necə bir komanda gördün?
- "Neftçi"yə yeni gəlmişəm. Hələ aaptasiya dövrünü keçirəm. Bu gün əlimdən gələni elədim. İnanıram ki, komandama bundan da çox köməyim dəyəcək. Çox istəyirdik ki, 3 xal qazanaq. Təəssüf ki, rəqib penaltidən hesabı bərabərləşdirdi. Buna görə də evə 1 xalla qayıdırıq. Əslində oyunun çətin olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq, rəqibi analiz etmişdik. Buna baxmayaraq 1 xala görə üzülmürəm.
- "Qarabağ" son üç ilin çempionudu. Rəqibin səviyyəsi səni qane etdi?
- Əlbəttə, çox güclü komandaya qarşı oynayırdıq. "Qarabağ" səviyyəsini bu oyunda göstərə bildi. Amma buna baxmayaraq, mənə elə gəlir ki, biz onlara qarşı layiqli mübarizə apara bildik.
- "Astana", "Kayrat"a qarşı oynamaq çətindir, yoxsa "Qarabağ"a qarşı?
- Qazaxıstan və Azərbaycan çempionatlarını müqayisə etmək olmur. Çünki, burda "Qarabağ" öz səviyyəsini göstərir. Güclü komandadır ki, üç il dalbadal çemlion olur və Avroliqanın qrup mərhələsində oynayır. Mənə elə gəlir ki, "Qarabağ"a qarşı oynamaq daha çətindi. "Kayrat" bir az "Qarabağ"a oxşayır. Onlar da topu özlərində saxlamağı xoşlayır. Amma məncə "Qarabağ"ın səviyyəsi onlardan üstündü.
- Komandaya Antalyada qoşuldun. Bakıya gələndən sonra gördüklərin səni təəccübləndirmədi?
- Bakıya gəldiyim ilk gündən klubda peşəkarlıq görürəm. Hər xırda problem olan kimi çalışırlar yerindəcə həll eləsinlər. Tərcüməçimiz də var. Nə lazım olsa, mənə kömək edir. Şəhəri də çox bəyəndim. İnanıram ki, özümü yaxşı tərəfdən göstərə biləcəm və burada uzun müddət qalaxam.