Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Zirə”yə uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Diniyev oyunla bağlı bunları deyib:
- Belə oyundan sonra danışmaq çətindi. Komanda bütün oyunu hücumda olsa da, əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. 9 nəfərlə müdafiə olunan rəqibə qol vurmaq çətindi. Bunun üçün oyunçularda ustalıq səviyyəsi yaxşı olmalıdı. Məğlubiyyətdə günahkar mənəm. Heç kimi günahlandırmaq istəmirəm. Özümüz bu quyuya düşmüşüksə, özümüz də çıxmalıyıq. “Zirə”ni təbrik edirəm. Komanda 65 dəqiqə yaxşı müdafiə olundu.
- Şahin müəllim, doğrudanmı komandada sizin “torbanız tikilir”?
- İnanmıram. Belə şey olsa, dərhal komandanı tərk edərəm. Bu, ən rahat çıxış yoludu - məğlubiyyəti futbolçuların, hakimlərin üstünə atmaq. Belə bir şey varsa da, bunda günahkar mənəm.
- Dario yenə istənilən səviyyədə oynamadı...
- Onun 90 dəqiqə yüksək səviyyədə oynaması üçün fiziki cəhətdən tam hazır olmalıdı. O isə təlim-məşq toplanışına gec qoşulduğundan, tam hazır deyil.
- Nicat Qurbanov barədə nə deyə bilərsiz?
- Nicatın potensialı var. Sadəcə, bunu aça bilmir. Çox istəyərdim ki, o oynasın. Ancaq bunu gərək özü də istəsin.
saytlarin hazirlanmasi