Samir Abasov: "Düşünürdüm ki, oyun əldən getdi"

19:11 - 4 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVI turunda baş tutan “Sumqayıt” – “İnter” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:   

 

- “İnter” bizim üçün çox çətin rəqibdi. Düzdü, rəqibə qarşı yaxşı hazırlaşsaq da, bunları həyata keçirə bilmədik. Maraqlı oyun keçdiyi üçün, rahatam. Amma “İnter”ə görə yox, heç-heçəyə görə sevinmirəm. Biz çalışmalıyıq ki, olduğumuz yerdə qalaq, amma heç-heçə ilə uzağa gedə bilməyəcəyik.


- Sizcə, oyunun nəticəsi necə olmalı idi?
- Məntiqi cəhətdən heç-heçə olmalı idi. Amma qələbə də qazana bilərdik. Buna görə də sevinmirəm. 

 

- “Sumqayıt” əvvəlki kimi sürətli oynamır…
- Çernışovun sürətinə bələd olsam da, bunu onda görə bilmədim. Bu gün sürətli oyundan əsər-əlamət yox idi. Bəlkə də, futbolçularımız gəncdi deyə, oynamağa qorxdular. 

 

- Səmimi deyin, 1:2 hesabından sonra oyunun əldən getdiyini düşünürdünüz?
- Bəli. Düşünürdüm ki, oyun əldən getdi. Amma şükürlər olsun ki, bərabərlik qolunu vurduq. 

 

- Fərhad Vəliyevin oyununu necə şərh edə bilərsiniz?
- Fərhad mənim üçün oyunda və ehtiyat oyunçular skamyasında liderdi. Ondan heç bir narazılığım yoxdu. (Futbol11.az)

Xəbər xətti