Daniel Seqovia: "Yaxşı oynasaq, hakimlər də bizə qalib gələ bilməyəcəklər" MÜSAHİBƏ

14:58 - 10 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “Neftçi”nin futbolçusu Daniel Seqovia əməkdaşımızın da iştirak etdiyi brifinqdə suallarını cavablandırıb:

 

- Oyuna yaxşı başladıq, ilk 15 dəqiqədə çox yaxşı futbol sərgilədik. Bəxtimiz gətirdi ki, rəqib qapısına erkən qollar vurduq. Bundan sonra isə komanda bir qədər boşaldı, müdafiəyə çəkildik. “İnter” də bundan istifadə edib fərqi azaltdı. Buna baxmayaraq, ikinci hissədə üçüncü qolu da vursa bildik. Sevinirəm ki, mənim də qələbədə əməyim oldu.

 

- Qol epizodunda birini şansından yararlana bilmədin. Halbuki daha əlverişli mövqedə idin. Topun müdafiəçini keçəcəyini gözləmirdin, yoxsa...?

- Topun mənə doğru gəldiyini görürdüm. Sadəcə, meydança süni ot örtüyündən olduğu üçün top ayağıma ilişdi, rahat vura bilmədim. Bəxtim gətirdi ki, ikinci vəziyyətdə də top üzərimə gəldi və özümü tarazladıqdan sonra topu qapıdan keçirdim.

 

- Süni meydançada oynamaq problemdimi?

- Əlbəttə, çətin idi. Uzun müddətdi süni örtüklü meydançada oynamırdım. Buna baxmayaraq, futbolda hər bir şəraitə uyğunlaşmalısan. Mən də çalışıram ki, daha tez uyğunlaşım, komandaya xeyrim dəysin.

 

- Ölkəmizdə daha bərbar vəziyyətdə olan süni meydançalar var...

- Xeyr, xəbərim yoxdur.

 

- Bu yaxınlarda “Qarabağ”ın futbolçusu Dani Kintana süni meydançada ciddi zədə aldı...

- Bilirəm, bundan xəbərim var.

 

- “Neftçi” bundan öncəki iki oyununda hakim səhlərinə görə xallar itirdi. Bu oyunda üzərinizdə təzyiq var idimi?

- Futbol belədir. İllərdi oynayıram və hakim səhvlərinə öyrəşmişəm. Hakimlər səhv də edə bilərlər, fantastik oyun da idarə edə bilərlər. Bizim işimiz futbol oynamaqdır. Əgər çox qol vursaq, hakimlər də bizə qalib gələ bilməyəcəklər.

 

- Mövsümün sonuna qədər neçə qol vurmağı planlaşdırırsan?

- Mən vurduğum qolları saymıram. Komandaya kömək etmək üçün burdayam. Bilirəm ki, komanda hansı vəziyyətdədi. Bunu əvvəldən də bilirdim. Komandanı layiq olduğu yerlərə qaldırmağa çalışacağıq.

 

- Səncə, “Neftçi” nəyə görə layiq olmadığı yerdədir?

- Bu, bütün böyük klubların başına gələn hadisədir. Buna öyrəşmək və daha çox çalışmaq lazımdır.

 

- Buna qədər 8 komandalı çempionatda oynamışdınmı?

- Yox, belə çempionatda oynamamışam. Avstriyada çempionatda 10 komanda mübarizə aparır. Hər-hansı fərq görmürəm.

Xəbər xətti