Şimali İrlandiyanın baş məşqçisi: "Azərbaycanın nəfəsini hiss edirik"

12:59 - 14 Fevral 2017

Şimali İrlandiya millisi yığmamızla oyuna hazırlıq məqsədi ilə Böyük Britaniyada təlim-məşq toplanışı keçəcək.

 

Sportal.az xəbər verir ki, toplanış çərçəvisində Maykl O’Nilin rəhbərlik etdiyi kollektiv iyunun 2-də Belfastda Yeni Zelandiya ilə yoxlama görüşü keçirəcək. İyunun 10-də isə Şimali İrlandiya DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq.

 

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O’Nil "İrishtimes"a açıqlamasında bildirib ki, Yeni Zelandiya ilə qarşılaşma komandası üçün vacibdir:

 

“Bəzi oyunçularımız üçün çıxış etdikləri çempionatda mövsüm aprelin sonu başa çatacaq. Bu mənada, həmin görüşün Azərbaycanla oyun ərəfəsində keçirilməsi yaxşıdır. Biz bu oyundan maksimum yaxşı istifadə edəcəyik. İnanıram ki, bu yoxlama oyunundan sonra Azərbaycanla matçda futbolçularım həm taktiki, həm də fiziki olaraq yaxş formada olacaqlar”.

 

47 yaşlı mütəxəssis qrupdakı vəziyyətdən də danışıb:

 

"4 oyuna 7 xal toplamışıq. Bu, bizim hədəfimiz idi və bunu bacardıq. Qarşıda 6 oyunumuz var. Azərbaycan, Norveç və Çexiyanın nəfəsini hiss edirik. Məqsədimiz mövqeyimizi qorumaqdır. Norveçi məğlub etsək, Azərbaycanla oyuna yaxşı köklənəcəyik".

 

Qeyd edək ki, Şimali İrlandiya millisi martın 26-da Norveçlə, yığmamız isə Bakıda Almaniya ilə qarşılaşacaq. Milli komandamız britaniyalılarla iyunun 10-da üz-üzə gələcək.

Xəbər xətti