“Gözlənildiyi kimi oyun gərgin keçdi. Açığı, meydana 3 xal üçün çıxmışdıq. Uğursuz oyunlara son qoymaq istəyirdik”.
Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in üzvü Nicat Qurbanova məxsusdur.
Futbolçu klubun saytına Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Neftçi”yə (0:0) qarşı görüş haqda danışarkən belə deyib. Qurbanov daha sonra bunları əlavə edib: “Qalib qələbə bilməsək də, yaxşı oynayıb 1 xal qazandıq. Əsas olan budur. Baş məşqçimiz Şahin Diniyevin də vurğuladığı kimi komanda artıq öz oyununu tapıb. İnşallah, qarşıdakı matçlarda daha çox xal qazanacağıq”.
“Neftçi” ilə oyundan bir gün öncə Qurbanov doğum gününü qeyd edib. Odur ki, 25 yaşını tamamlayan yarımmüdafiəçi meydanda ən fəallardan biri olub: “Düzdür, doğum günü mənim üçün əlavə motivasiya idi. Komanda qələbə üçün acdır. Neçə oyun idi ki, uduzurduq. Ona görə qələbə qazanmağa çalışırdıq. Düşdüyümüz vəziyyətdən çıxmaq istəyirdik. Görüşə istəkli çıxmışdıq, rəqibin də “Neftçi” olması həvəsimizi daha da artırmışdı. Meydanda əzmlə mübarizə apardıq. Özümü fərqləndirmək istəmirəm, komanda şəklində layiqli çıxış etdik. Boş qapıdan top çıxardığımız, qol vurmağa yaxın olduğumuz epizodlar oldu. Hücumameylli futbolçunun işi qol vurmağa çalışmaq, məhsuldar ötürmə verməkdir. Son zərbələr qeyri-dəqiq oldu. Əlimizdən gələni etdik. Qələbə qazana bilmədiyimiz üçün pis olduq, amma uduzmadığımız üçün də sevinməyə dəyərdi”.
Çempionatda növbəti turda “Kəpəz”i daha çətin sınaq gözləyir. “Sarı-göylər” turnir cədvəlinin lideri “Qəbələ”ni qəbul edəcək. Nicat bu oyunla da bağlı fikirlərini bölüşüb: “Rəqibimiz olduqca güclü komandadır. Onlara qarşı motivasiyamız var. Özümüzü sübut etmək istəyirik ki, komandamız son pillərə layiq deyil. Klubun adına yaraşmayan yerdəyik. Azarkeşlərin üzünü güldürməyin vaxtıdır. Neçə oyundur ki, onları üzürük, odur ki, Gəncədə onları sevindirməyə çalışacağıq”.
saytlarin hazirlanmasi