Premyer Liqada 3 tur bundan əvvəl "Sumqayıt" Futbol Klubunun heyətində 100-cü oyununu keçirmiş kapitan Vurğun Hüseynov AZAL üzərindəki qələbəni şərh etməklə yanaşı, növbəti turda "Zirə" ilə baş tutacaq oyun haqqında da fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, kapitan klub saytına açıqlamasında bu turda baş tutacaq görüşün vacibliyindən danışıb:
"AZAL-la oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Bu səbəbdən oyuna olduqca ciddi hazırlaşmışdıq. Bütün kollektiv olaraq 3 xalı qazanıb yenidən turnir cədvəlinin 4-cü pilləsinə yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. Açığı, oyun istədiyimiz kimi alınmadı. Uşaqlarda həyacan hiss olunurdu. Buna baxmayaraq, çətinliklə də olsa 3 xalı qazandıq. İndi bizi qarşıda daha çətin rəqib gözləyir. Səfərdə "Zirə" ilə oyunumuz var. Artıq bu oyunun hazırlığına bu gündən başlamışıq. "Zirə"nin gücü hamıya məlumdur. Düzdür, ilk iki dövrənin hər iki oyununda onlara qalib gəlmişik. Amma bu qarşılaşma hər iki komanda üçün daha vacibdir. Altı xallıq oyundur desəm, yanılmaram. Bütün kollektiv olaraq bu oyuna köklənmişik. İnşallah, "Zirə" səfərdindən sərfəli nəticə ilə qayıdarıq".
Vurğun Hüseynov "Sumqayıt"dakı ümumi vəziyyətə də aydınlıq gətirib. Kapitan çempionatın sonlarına yaxın bütün oyunların çətin keçəcəyini bildirməklə yanaşı qazanılan uğurlu nəticələrin heyətdə yer alan gənc futbolçuların püxtələşməsində önəmli olduğunu da vurğulayıb:
"Allaha şükür, klubumuzda vəziyyət stabildir. Təssisçinin və sponsorların səyləri nəticəsində heç bir problemimiz yoxdur. Komanda olaraq sırf futbolu düşünürük. Bu da bizə oyunlara daha yaxşı köklənməyə kömək edir. Qarşıda olduqca çətin 9 tur var. Uğurlu nəticə qazanmaq istəyiriksə, bütün komanda olaraq var qüvvəmizlə çalışmalıyıq. Heyətimizdə yer alan gənclərin irəliləyişi üçün nəticə önəmlidir. İnşallah uzun marafonun qalan hissəsini də uğurla başa vurub istədiyimiz nəticəyə nail olarıq".
Üç ildən çoxdur "Sumqayıt"da çıxış edən Hüseynov 100-lər siyahısına düşdüyü üçün çox şad olduğunu deyib.
Qeyd edək ki, karyerası ərzində "Turan" və "Qəbələ"nin şərəfini qorumuş "3 nömrə" 14 dəfə də Azərbaycan millisinin formasını geyinib. "Sumqayıt"ın onun üçün bir ailə olduğunu deyən Vurğun azarkeşlərə də təşəkkür etməyi unutmayıb:
"Hamıya məlumdur ki, Tovuz futbol məktəbinin yetirməsiyəm. Karyeram ərzində "Turan" və "Qəbələ"də çıxış etmişəm. 2013-cü ildə isə "Sumqayıt"dan təklif aldım və qəbul etdim. Bu klubun heyətində həmin ilin avqustun 4-də "Xəzər Lənkəran"la oyunda debüt etmişəm. Həqiqətən bir klubda 100 oyun keçirmək böyük işdir və hər bir futbolçuya nəsib olmayan bir hadisədir. Çünki, bu günə qədər çıxış etdiyim heç bir klubda səhv etmirəmsə 100 oyuna çıxmamışdım. "Sumqayıt" artıq mənim ailəmdir. Bu şəhər daim böyük futbolçular yetişdirib. Bu klubun heyətində yer alan gənc futbolçuların yetişməsində az da olsa əməyim olduğuna görə çox sevinirəm. Bir kapitan olaraq, klubum üçün daha böyük işlər görməyə hazıram. Bu şəhərin komandası və azarkeşləri daha böyük uğurlara layiqdir. Allahın köməkliyi ilə "Sumqayıt" FK olaraq, daha böyük uğurlar qazanıb azarkeşlərimizi sevindirərik. Yekunda buradan bütün azarkeşlərimizə səslənərək bizi hər oyunda dolu tribunalarda dəstəklədikləri üçün təşəkkür edirəm".
saytlarin hazirlanmasi