"Kəpəz"in legioneri: "Start heyətdə yer almaq istəyirəm və bunun üçün çalışacağam"

17:58 - 25 Fevral 2017

Bir necə gün öncə “Kəpəz”in portuqaliyalı futbolçusu Serjio Kosta doğum gününu qeyd etdi. 26 yaşını tamamlayan futbolçunun şərəfinə məşqdə tort kəsilib, ünvanına ən xoş sözlər söylənildi. Sən demə, yarımmüdafiəçi ilk dəfə doğum gününü evdən kənarda keçirib.

 

Sportal.az xəbər verir ki, bu haqda Serjinyo klubun rəsmi saytına açıqlamasında bildirib:

 

“Birinci dəfə idi ki, ailəmdən və dostlarımdan uzaqda doğum günümü qeyd edirdim. Fərqli hisslər yaşadım. Xanımım və  komanda yoldaşlarımla birgə ad günü partisi təşkil etmişdik, evdən kənarda olsa da, zövq aldım. Çoxlu təbriklər eşitdim, hədiyyələr oldu. Məşqə tort gətirilmişdi. Onu da deyim ki, doğum günlərini məşqdə və ya oyunda keçirmək "Kəpəz"də artıq dəb halını alıb. Düşünürəm ki, bu yaxşı adətdir və komanda ruhunu möhkəmləndirmək üçün çox vacibdir”.
 
Serjinyo mövsümün ikinci hissəsində komandanın çıxışına da toxunub:

 

“Son matçlar bizim üçün heç də yaxşı olmadı və pis nəticələr əldə etdik. Zədə və ya cəzaya görə bəzi oyunçularımız oynamadı, bəzən bəxtimiz gətirmədi. Buraxılan qolların bir çoxunda günahkar özümüz olduq. Ən pisi isə qol vurmamağımızdır. Ancaq indi bunu unutmalıyıq və vəziyyəti tezliklə dəyişməyə çalışmalıyıq. Fikrimcə, Gəncədə keçirəcəyimiz 7 matçda durumu öz xeyrimizə dəyişə biləcəyik. Mən buna inanıram, çünki evdə oynamağımız üstünlüyümüzdür. Odur ki, Gəncədəki matçlar bizim üçün daha çox önəmlidir”.
 
Əsas heyətin üzvü olsa da, son iki oyunda Kosta ehtiyat oyunçular skamyasında yer alaraq əvəzetmədən meydana daxil olub. Amma futbolçu buna görə narahat deyil:

 

“Bu, baş məşqçinin seçimidir və buna hörmətlə yanaşmalıyam. Mən sakitəm və oynamağa şans veriləndə komandaya kömək etməyə çalışıram. İstər ilk “11-lik”də yer alım, istərsə də əvəzetmədən oyuna daxil olum. Ancaq bu normaldır ki, start heyətdə yer almaq istəyirəm və bunun üçün çalışacağam”.

Xəbər xətti