Ayxan Abbasov: "Sumqayıt" yaxşı komanda olsa da, boşluqları da var idi" MÜSAHİBƏ

20:20 - 27 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə “Sumqayıt”ı minimal hesabla məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

-    Dünən Xocalı faciəsinin 25 illiyi idi. Orda dünyasını dəyişən insanların yaxınlarına bir daha səbr diləyirəm. Bundan başqa, son vaxtlar cəbhə bölgəsində də gərginlik davam edir. Əsgərlərimizə güclü olmağı arzulayıram. Onların yanındayıq. 

 

Oyuna gəldikdə isə “Sumqayıt” çempionatda ən yaxşı formada olan komandalardandı. Bu gün bunun bir daha şahidi olduq. Samir Abasov yaxşı komanda formalaşdırıb. Bu oyuna yaxşı hazırlaşmışdıq. "Sumqayıt" yaxşı komanda olsa da, boşluqları da var idi. Bu boşluqlardan istifadə etdik. Öz meydanımızda vacib qələbə qazandıq. İlk hissədə biz üstün olsaq da, ikinci hissədə rəqib daha fəal təsir bağışladı. Ancaq buna baxmayaraq, bu oyundan 3 xalla ayrılmağı bacardıq.

 

-    Akim Latifu, Migel Lorenso və Amadu Sanqarenin adının oyunun iştirak ərizəsinə salınmamasının səbəbi nə idi?
-    Latifu və Lorenso “İnter”lə oyunda zədələnmişdilər. Sanqarenin isə ayağında ağrı olduğundan, risq etmək istəmədik. Ümumiyyətlə, yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Bu gün qışda bizə qoşulan oyunçulardan Qadzenin fərqlənməsi bizi sevinirdi. Vaxt keçdikcə komandaya daha da uyğunlaşacaqlar.

Xəbər xətti