“İlk oyunda məğlub olmasaydıq, cavab oyunu fərqli keçə bilərdi. Yenə də qol vurmaq üçün çalışdıq, amma alınmadı. İndi bütün diqqətimizi çempionatın son oyunlarına yönəltməliyik”.
Sportal.az xəbər verir ki, bu sözlər “Neftçi”nin futbolçusu Jayro Rodrigesə məxsusdur. “Ağ-qaralar” ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda da sərfəli nəticə əldə edə bilməyib və mübarizəni dayandrıb. Bununla da “Neftçi”nin bu mövsümü də titulsuz başa vuracağı dəqiqləşib. Braziliyalı futbolçu açıqlamasında “Neftçi”nin uğursuzluğunu belə izah edib:
“Hazırkı “Neftçi”nin vəziyyətini bilirsiniz. Qış fasiləsindən sonra heyətdə dəyişikliklər oldu, yeni futbolçularla gücləndik. Təəssüflər olsun ki, mövsümün ilk yarısında çox şey itirdik. Bundan sonra irəli baxmalıyıq”.
Filyo azarkeşlərin baş məşqçini və rəhbərliyi istefaya səsləməsinə də münasibət bildirib: “Oyun başa çatandan sonra çox üzgün idim. Dərhal paltardəyişmə otağına yollandığım üçün azarkeşlərin nə etdiyini görmədim. Görmədiyim hadisəyə münasibət bildirməyim düzgün olmaz”.
Müdafiəçi klubdakı gələcək taleyindən də danışıb:
“Oynamağım və ya ehtiyatda qalmağım baş məşqçinin qərarından asılıdır. Mənə şans verilən kimi, bundan maksimum yararlanmağa çalışıram. “Neftçi”dəki taleyimə gəlincə, yayda müqaviləm başa çatır. Hər şey baş məşqçinin və klub rəhbərliyinin qərarından asılı olacaq”.
saytlarin hazirlanmasi