Şahin Diniyev: "İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək"

19:30 - 23 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turunun AZAL - “Kəpəz” oyunundan sonra qonaqların baş məşqçisi Şahin Diniyev qələbəni şərh edib.

 

Sportal.az xəbər verir ki, o, oyunun gərgin keçdiyini bildirib:
 
“Çox gərgin oyun oldu. Belə olacağını bilirdik. Çünki futbolçuların üzərində təzyiq var. Hər oyuna qələbə üçün çıxırıq. Şadam ki, komandam ilk yarıda oyunun taleyini həll etdi. İkinci hissədə müdafiədən oynadıq, qapıçının kobud səhvi qapımıza qol vurulması ilə nəticələndi. Heyətimizdə itkilər də var idi. Qalib gəldiyimiz üçün şadıq. Şans həmişə var. Son oyunda da vuruşacağıq”.
 
Təcrübəli mütəxəssis komandasının AZAL-la görüşə zəif başlamasının səbəbini belə izah edib: “İlk 30 dəqiqə ərzində rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. Bu da meydança amili ilə bağlıdır. Bunun səbəbini futbolçulardan da soruşdum. Onlar əzələ ağrılarından şikayətlənib, meydan amilini qabartdılar”.
 
Diniyev komandasının gərginlikdən qurtulmadığını bildirib: “Gərginlik qalıb, sona qədər də davam edəcək. Qarşıda daha bir oyunumuz var. Bu gün digər rəqiblərin oyununa fikir vermirdik. Mənim üçün əsas olan öz komandamın oyunudu. IV dövrədəki çıxışımız məni qane edir. Üzərimizdəki təzyiq isə aprelin 29-na qədər davam edəcək”.
 
“İnter” fəaliyyətini davam etdirə bilməyəcəyi halda, “Kəpəz” beşinci yerin sahibi kimi yenidən Avroliqaya yollana bilər: “İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək. Keçən il 3-cü yerdə gedirdik. Evdə “Qəbələ”yə uduzduq və sonda beşinci olduq. Bu mövsüm kim gedəcəksə, layiqli dəstəkləməliyik. İddiaçı 4 komandanın hər biri qitə kuboklarında oynamağa layiqdi”. (Futbolinfo.az)

Xəbər xətti