Gəncə şəhər stadionunun əsas meydançası təmirə bağlanıb. "Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın qazonu yaxın müddətdə AFFA-nın maliyyə dəstəyi ilə dəyişdiriləcək.
Sportal.az xəbər verir ki, vaxtilə ölkənin ikinci ən böyük stadionu olmuş idman qurğusunun ot örtüyü salındığı dövrdən - uzaq 1960-ci illərdən bəri olduğu kimi qalıb. Müəyyən illərdə meydançanın durumu ilə bağlı yalnız yüngül işlər görülüb, heç bir əsaslı təmir aparılmayıb. Odur ki, zaman keçdikcə meydança əvvəlki vəziyyətini qoruya bilməyib, son illərdə görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq qazonun durumu idealdan uzaq olub.
Gəncə şəhər stadionunda görüləcək işlər İrlandiyanın SİS şirkəti tərəfindən aparılacaq. Bir müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən şirkət Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena", paytaxtdan kənarda isə Qəbələ və Lənkəranda eyni işləri həyata keçirib. Bu sahədə kifayət qədər tanınan və təcrübəli şirkət olan SİS tərəfindən Gəncənin baş arenasında da qazon ən yüksək tələblər səviyyəsində yenilənəcək. Qarşıdakı 4 ay müddətində əraziyə ən müasir standartlara cavab verən yeni ot örtüyü salınacaq.
SİS şirkətinin nümayəndəsi Sinan Öztürk görüləcək işlər ilə bağlı kapazpfc.az saytına açıqlama verib: “İnşaat işləri bizim bir aylıq vaxtımızı alacaq. Bir aydan sonra əkin aparılacaq. Əraziyə Avropadan gətirilən və təlabata uyğun xüsusi toxumlar səpiləcək. Bütün meydançalarda bu toxumlardan istifadə edirik. Toxumlar da bir ay müddətində yetişəcək və işə bu sahənin mütəxəssisi olan insanlar baxacaq. İnşallah, burada “Kəpəz” futbol klubuna Avropanın standartlarına görə meydança salacağıq. Ondan sonra “Kəpəz”in uğurlarını gözləyəcəyik (gülümsəyir).
Yarıməsrlik tarixi özündə əks etdirən meydançadan xatirə saxlamaq üçün ot örtüyünün kiçik bir hissəsi kəsilərək götürülüb. Bu qazon gələcəkdə yaradılacaq klub muzeyində qorunacaq.
saytlarin hazirlanmasi