Şahin Diniyev: "Problem varsa, deməli, daha çox səylə işləməliyik" MÜSAHİBƏ

18:35 - 16 May 2017

“Kəpəz”in əsas komandasının baş məşqçisi Şahin Diniyevin klubun rəsmi saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:
 
 
- Dario Frederiko, Nicat Qurbanov, Orxan Əliyev. Adını çəkdiyim hər üç futbolçu cinah oyunçusudur və artıq komandanı tərk ediblər. Onların gedişi ilə “Kəpəz” qanadı qırılmış quşa bənzəyir. Yəqin ki, sizin ehtiyat planınız var.
- Ölkədə olmadığım müddətdə hər gün komanda haqda düşündüm. Problem varsa, deməli, daha çox səylə işləməliyik. Büdcənin azlığına və futbolçulara böyük pullar təklif edə bilməməyimizə baxmayaraq bizim futbol fəlsəfəmiz və sistemimiz var. Komandanın oyununda sürətli cinah hücumlarına üstünlük veririk, bunun üzərində həmişə çalışırıq. Odur ki, belə futbolçuların hamısını birdən-birə getməsi acınacaqlı durum yaradıb. Amma bunun üzərində iş gedir. Yerli futbolçu transferi üzərində çalışırıq. Bu işlər tamamlanandan sonra çatışmazlıqlar olarsa, üzümüzü legionerlərə çevirəcəyik. Deyim ki, artıq bu yöndə də gərgin işlər davam edir. Buna böyük paralar lazım olsa da, biz az pulla keyfiyyətli iş görməyə çalışacağıq. Necə ki, Dario kimi futbolçunun parlamasına kömək etdik. Eləcə də futbolu başa vurmağa hazırlaşan Juninyonu yenidən önə çıxartdıq. Belə futbolçular hələ bizdə çox olacaq. Bu ayın 20-nə kimi yerli oyunçu bazarlığını yekunlaşdırıb, legionerlərlə məşğul olacağıq. Əcnəbilərdən kimin qalıb, kimin getməsi istiqamətində işlər indi də gedir. Bütün bunlar məlum olandan sonra hansı mövqeyə futbolçu lazım olsa, fikrimizi bu tərəfə yönəldəcəyik. Son mövsümdə heyətimizdə beş legioner olub, onların getməsi və qalması haqda çox şeylər yazırlar. Amma qərarı baş məşqçi verəcək.   
          
- Büdcənin azlığına baxmayaraq “Kəpəz” transfer dövrünün ən fəal komandalarından sayılır. Son mövsümdə komandanın heyətində olmuş futbolçularla danışıqlarla paralel digər komandalardan dörd oyunçu da kluba cəlb olunub. Onlardan üçü gəncdir. Gənclərlə işləməyi sevən mütəxəsssis kimi düşünürük ki, bu futbolçuların potensialına inanaraq komandaya cəlb etmisiz.
- Onlar ayrı-ayrı yaş qrupları üzrə millilərin üzvləri olublar. Hansısa bir səbəbdən oyunlarında axsama baş verib. Lakin mən onları sistemimdə görürəm. Mənə elə gəlir ki, bir ildən sonra azarkeşlərimiz, futbol ictimaiyyəti onlar haqda ancaq xoş sözlər danışacaq. Bu yaxınlarda mənə “sizin bu transferlərdən xəbəriniz yoxdur, bu futbolçuları rəhbərlik götürüb” deyə sual verdilər. “Kəpəz”də hərə öz işi ilə məşğuldur. Bu gün heyətə oyunçuların dəvəti və göndərilməsində qərar baş məşqçiyə məxsusdur. Gələnlər və gedənlər haqda rəhbərliyə yalnız raport verirəm və orada atdığım addımlar izah olunur. Mənə yaradılan şəraitə, sərbəstliyə görə rəhbərliyə təşəkkür edirəm. Komandada transferə görə söz sahibi baş məşqçidir. Məşqçi çox şey istəyə bilər. Futbolçu dəvət edəndə büdcəmizə uyğun hərəkət edirik. “Qarabağ”, “Qəbələ” və ya “Neftçi”dən futbolçu istəyə bilərəm. Amma buna gücümüz catacaq sualını verib düşünməliyəm. Kimi gəldi götürmək də düzgün deyil. Yeni götürdüyümüz gənclərə inanıram, potensialları var və onların inkişafına, yenidən milliyə cəlb olunmasına səy göstərəcəyik. Limit məsələsi də var, bunu unutmaq olmaz. Qarşıdakı mövsüm üçün gəncəli gənclərdən heyətə oyunçu götürəcəyik. Onlardan yəqin ki, dördünü əsas komanda ilə birlikdə təlim-məşq toplanışına aparacağıq. Hansı özünü yaxşı tərəfdən göstərəcəksə, komandada qalacaq. Hamısı da qala bilər, ikisi də. Həmin oyunçular birdəfəlik əsas komandada olacaqlar. Artıq gəncəli gənclərin oynamasının, yetişməsinin vaxtıdır, biz onlara dəstək olacağıq.
 
- Yenilərdən biri də Tural Cəlilovdur. Onun haqda nə deyə bilərsiz?
- Cəlilovu müdafiədəki problemləri həll etmək üçün heyətə cəlb etmişik, təcrübəli oyunçudur. Ona da inanırıq. Onu da deyim ki, daha iki oyunçu ilə danışıqlar aparırıq. Qısa vaxtda işləri yekunlaşdırmalıyıq. Boş mövqelər üzrə legionerləri nəzərdən keçirəcəyik. Çalışacağıq ki, azərbaycanlı gənc futbolçularımız təcrübəli legionerlərdən də nəsə öyrənsinlər. Daha çox yerli oyunçulara diqqətimizi yönəldəcəyik.
 
- AFFA-nın hesabına Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü dəyişdirilir. Bəzi rəqiblərimiz “Kəpəz”in evdə uğurlu çıxış etməsini məhz qazonun bərbad olması ilə bağlayırdılar. Halbuki rəqiblər kimi futbolçularımız da yalnız son məşqə bu meydançada çıxırdı. Texnikalı futbola üstünlük verən komanda olduğumuzdan çox güman ki, ot örtüyünün dəyişdirilməsi oyunumuza daha da yaxşı təsir edəcək. Siz nə düşünürsüz?
- Onların iki il ərzində meydançadan şikayətlənməsi mətbuatı zəbt edən mövzu olub. Maraqlıdır ki, topla oynamağı daha çox sevən, texnikalı oyuna üstünlük verən “Qarabağ” yeganə klub olaraq heç vaxt meydançadan şikayətlənmədi. Ən pis hallarda belə çıxıb öz oyunlarını oynayıblar. Uğurları da olub, uğursuzluqları da. Amma heç vaxt bunu meydan amili ilə bağlamayıblar. Bizim ön xətdə oynayan futbolçularımız, legionerlərimiz də topla oynamağı sevən oyunçulardır. Belə meydançada yaratmaq çətindir, dağıtmaq asan. Odur ki, meydança bizə çətinlik törədib. Mart ayından başlayaraq bizim ev oyunlarımızın nəticələrinə nəzər salın. Yazda hava ilə bağlı qazonun durumu düzəldikcə uğurlu seriyamıza başlamışıq. Yəni demək istəyirəm ki, meydançanın vəziyyətinin yaxşı olması əksinə, bizə lap yaxşı təsir edir. Şükür, indi meydançamız düzələcək. Buna görə AFFA rəhbərliyinə, prezident Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova futbol mütəxəssisi olaraq komandamız adından təşəkkür edirəm. Bu, bizim üçün sürpriz hədiyyə oldu, diqqətə görə minnətdarıq. Yeni mövsümdə yəqin ki, komandalar meydançadan yox, oyunun keyfiyyətindən danışacaqlar.
 
- Füzuli Allahverdiyevin gedişindən sonra məşqçilər korpusunda bir yer boş qalıb. Özünüzə yeni köməkçi götürəcəksiz?
- Bunu rəhbərliklə müzakirə edəcəyik. Bizə “Kəpəz”in uğurları üçün çalışacaq, komandaya yardımçı olacaq məşqçi lazımdır. Eyni zamanda, həmin mütəxəssisin uyğun kateqoriyası olmalıdır. Mayın 20-nə kimi bu məsələyə də aydınlıq gələcək. 

Xəbər xətti