“Kəpəz”in çoxminli azarkeşləri sırasında tanınmış müxtəlif peşə sahibləri var. Belələri arasında millət vəkili, olimpiya çempionu, alim, aktyor və digərlərini qeyd eləmək olar. Elə məşhur rejissor Rövşən İsax da Gəncə klubunun azarkeşləri sırasındadır. Ölkədə ən populyar seriallardan olan “Vicdan haqqı”nın ekran işinin müəllifi olan Rövşən bəy uşaqlıqdan Gəncə klubuna azarkeşlik edir.
Sportal.az saytı onun “sarı-göylər” haqda nə düşündüyünün oxucular üçün də maraqlı olacağını zənn edib tanınmış rejissorun klubun rəsmi saytına verdiyi müsahibəni təqdim edir:
- Rövşən müəllim, vicdan haqqı uzun müddət idi ki, sizdən müsahibə götürməyə çalışırdıq amma alınmırdı. Demək qismətdə Gəncədə üzbəüz görüşmək varmış...
- Neyləmək olar, məni xəbərsiz-ətərsiz, müsahibəyə hazırlıqsız yaxaladız. Futbol azarkeşiyəm, uşaq vaxtından bu idman növünə könül vermişəm, bağlanmışam. Uşaq olanda Gəncədə komanda düzəldib məhəllələrarası oynayardıq. Özüm də iki il futbol bölməsinə getmişəm. Futbolu xoşlamayan kişilərə qəribə baxırdım. Axı kişi necə futbolu sevməyə bilər? Oğlum da davamçımdır, futbolla məşğul olur. Bizim gənclik dövrümüzdə “Kəpəz”in lap qan-qan edən vaxtları idi. Komanda SSRİ birinciliyində çıxış edirdi. Heç yadımdan çıxmaz komandamızın “Dinamo” Kiyev ilə oyunu. Tanınmış şərhçi Nikolay Ozerov Gəncə kollektivi haqda televiziyada xoş sözlər söyləmişdi.
- Gəncədə uşaqlar iki idman növünə daha çox maraq göstərirlər, futbola və güləşə. Siz futbolun yolunu tutduz. Bəs sona kimi niyə futbolun arxasınca getmədiz?
- Görünür incəsənəti futboldan daha çox sevmişəm (gülümsəyir). Mən altıncı sinifdə oxuyanda qəti qərara gəldim ki, bu sənəti seçəcəm. Dram dərnəyinə getməyə başladım və bununla da həyat yolumu özüm üçün dəqiqləşdirdim.
- Bu gün futbolda böyük pullar dövr edir, oyunçuların maddi qazancı çoxdur. Bu idman növünü seçmədiyinizə görə peşman deyilsiz? Axı daha çox qazana bilərdiz.
- Qətiyyən peşman deyiləm. Alın yazısına çox şükür ki, bu sənətə gəlmişəm, işimi də çox sevirəm. Şablon səslənsə də, xoşbəxtəm. Elə maddi ehtiyacım yoxdur. Aşıb-daşan pulum olmasa da, özümə çox şeyləri icazə verə bilirəm. Bəlkə də futbolçu olsaydım, daha varlı olardım. Bu barədə heç fikirləşməmişəm. Amma onu da deyim ki, futbolu seçsəydim, sıradan biri olardım. Elə böyük bacarığım yox idi. Azarkeş kimi futbola marağım böyükdür. Millini və Avropada oynayan klublarımızı dəstəkləyirəm, heç birinə fərq qoymuram. Amma “Kəpəz”in yeri ayrıdır. Bu da yəqin ki, Gəncədə doğulub böyüməyimlə bağlıdır. Evdə komandanın forması, şərfi var.
- “Kəpəz”in oyunları ilə bağlı hansı xatirələriniz var?
- Bir dəfə dəqiq yadımda deyil rəqib hansı komanda idi amma həlledici kubok oyunu idi. Stadiona matçdan üç saat əvvəl getmişdik. Tribunalarda yer yox idi. Onu da deyim ki, futbol olan günlərdə şəhərdə əhali az olurdu, hamı stadiona gedirdi. Evimiz arenadan aralıda yerləşirdi, bununla belə qol vurulanda camaatın səsi bizdə eşidilirdi. Oyun əlavə vaxta getdi, penaltilərə qədər uzandı. Həlledici zərbəni “Kəpəz”in qapıçısı vurdu və komanda mərhələ adladı. Daha bir xatırlanası məqam müstəqillik illərində olub. “Kəpəz” 1995-ci ildə Sumqayıtda avrokubok oyununda Avstriyanın “Austriya-Memfis” klubu ilə oynayırdı. Həmin vaxt Azərbaycan Dövlət Televiziyasında işləyirdim. “Kəpəz” ilk dəfə Avropa yarışında oynayırdı, oyun başlamamışdan həyacanımdan tir-tir əsməyə başladım. Vəziyyətim o qədər pis idi ki, uşaqlar bərk qorxmuşdular, ürək dərmanı alıb gətirdilər. Dərman içəndən sonra özümə gəldim, sakitləşdim. Qəribə hisslər yaşayırdım. Futbol nəticə etibarilə taleyüklü məsələ deyil. Amma yaman qeyri-adi şeydir. Deyirlər ki, kişi ağlamaz, amma futbolda əsəbindən və ya sevincindən ağlayan insanları çox görmüşəm.
- Rövşən müəllim, bilirik ki, işinizlə bağlı çox məşğul olursuz. Bununla belə “Kəpəz”in oyununa stadiondan canlı baxmaq imkanı olur?
- Bizim serialın montaj rejissoru Rəhman Fürqətoğlu əsl futbol azarkeşidir, gəncəlidir, özü də qatı “Kəpəz” azarkeşidir. Bir oyun belə qaçırmamağa çalışır, bütün hesabları da yaxşı bilir. Mən də xəbərləri ondan alıram. Bəzən gün ərzində 12, hətta 14-16 saat çəkiliş etdiyimiz vaxtlar olur. İşimiz qurtaranda çəkiliş meydançasında süst düşürük, həddindən artıq yorğun oluruq. Ona görə oyunları heç televiziyadan da izləmək imkanı olmur. Təsəvvür edin ki, özümüz çəkdiyimiz seriala bəzən efirdə baxmağa vaxt tapmırıq. Amma boş vaxtımız olsun və “Kəpəz” oynasın, ola bilməz ki, mən oyuna baxmayım.
- Münasibətdə olduğunuz, yoldaşlıq etdiyiniz futbolçu var?
- 1990-cı illərdə Aztv-də “Virtuoz” adlı verilişin tərkibində idman bölümü vardı. Bu rubrikaya görə futbolçularla tez-tez görüşürdük. Dəfərlərlə “Neftçi”nin bazasında olmuşam, oyunçularla futbol oynamışıq. “Xəzər Lənkəran” futbol klubu haqda film çəkmişdik. Həmin vaxt futbolçularla münasibət yaranmışdı. Mütəmadi dostluq etdiyim birisi olmayıb, çünki iş qrafiki buna imkan vermirdi. Ayrı-ayrı sahələrin adamlarıyıq deyə boş vaxtlarımız üst-üstə düşmür.
- Bəs oyununa xüsusi azarkeşlik etdiyiniz futbolçu olub?
- Mahmud Qurbanovu futbolçu kimi çox sevmişəm. Mənim aləmimdə Mahmud dünya səviyyəli oyunçudur. Heyf ki, onun çıxış etdiyi dövrdə vəziyyət başqa cür idi. “Kəpəz”də daha bir oyunçu vardı, o da çox xoşuma gəlirdi. Driblinqləri vardı, qoy adı yadıma düşsün deyəcəm...(bir müddət fikirləşir, ona kömək etməyə çalışaraq adlar çəkirik, xatırlamır, başqalarının adını çəkməyə başlayır) Tofiq Məmmədov, bu adam işinin ustası idi. Müdafiədə keçilməz idi, minimum səhvsiz oynayırdı. Mehman Allahverdiyev, o, kaş indi oynayardı. Sürətli idi. Yunis Hüseynovu da deyə bilərəm. Onunla çox ünsiyyətdə olmuşuq, bilmirəm yadında qalmışam ya yox.
- Gələcəkdə idman, futbolla bağlı film və ya serial çəkmək mümkündür?
- Serial uzun məsələdir, alınmaz. Film də ki, gərək təklif olsun, çəkmək olar. Dünya kinosuna baxın, demək olar ki, futbolçu haqda bədii film işlənilmir. Güləşçi haqda çəkmək olar, onun bənzərini alındırmaq mümkündür. Yəni quruluş verərsən güləşərlər. Amma futbolda quruluş vermək olmur. Ya gərək qəhrəmanın özünü şəxsən çəkəsən, ya da ki, futbol oynamağı yaxşı bacaran aktyoru. Bu da qəliz məsələdir. Lakin bir klub haqda tanıtım filmi, sənədli film çəkmək olar.
- Gəncə futbolu, “Kəpəz” haqda qarşıdakı illərdə nəsə çəkmək istərdiz?
- Bu məsələ vaxta və imkana bağlıdır. Əgər elə bir imkanım olsa, böyük məmnuniyyətlə çəkərəm. Bu, sevdiyim kluba töhvə olar. Yalançı çıxmaq istəmirəm amma həqiqətən də iş çoxdur.
- Son olaraq nə demək istərdiz?
- Çox arzu edirəm ki, “Kəpəz”i qitə miqyaslı turnirlərdə qrup mərhələsində görək. Yəqin ki, sevincimdən ağlayaram. Allah o günləri qismət eləsin birlikdə yaşayaq. Onda “Kəpəz” haqda saatlarla danışmağı özümüzə şərəf bilərik. Allahdan arzu edirəm ki, doğma klubumuza belə tale yaşatsın.