"Kəpəz"in yeni kapitanı: "Çox məsuliyyətli işi mənə həvalə ediblər"

17:55 - 7 İyul 2017

“Kəpəz” yeni mövsüm üçün ilk məşqində komandanın kapitanı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Tural Axundovun gedişindən sonra boş qalan sarğını Şəhriyar Rəhimov daşıyacaq.

 

Klub saytına açıqlama verən Rəhimov kapitan seçilməsi ilə bağlı fikirlərini bölüşüb: “Axundov kapitanı kimi komandaya çox fayda verirdi. O, tək oynadığı futbolla yox, həm də komandanı toparlamağı bacarması ilə seçilirdi. Tural böyük işlər görürdü, çalışacam ki, mən də layiqincə özümü doğruldum. Kapitan olmaq yalnız sarğını qolunda daşımaq deyil. Kapitan çətin vəziyyətdə hamıya dayaq durmağı bacarmalıdır, gənclərə örnək olmalıdır. Əvvəlcədən gurultulu danışmaq istəmirəm. “Kəpəz”ə xeyir verən kapitan olmağı qarşıya məqsəd qoymuşam. Ümumiyyətlə, bütün futbolçuların niyyəti komandaya kömək etməkdir.

 

Kapitan məşqçilərlə futbolçular, komanda ilə azarkeşlər arasında körpü, əsas ünsiyyət fiqurudur. Rəhimov da bu statusda kapitan olmaq istəyir: “Çox məsuliyyətli işi mənə həvalə ediblər. Azarkeşlər qarşısında özümü doğrultmalıyam. Məşqçidən sonra nəticəyə cavabdeh kapitandır. Ona görə işin çətinliyini anlayıram. Üzərimə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacam. Söz verirəm ki, əlimdən gələnin ən yaxşısı “Kəpəz” üçün edəcəm. Yalnız oyunda deyil, meydandan kənarda da komanda üçün dəyərli olmalıyam. Kapitan körpü rolunu oynamalıdır. Futbolçuların sözünü məşqçiyə, azarkeşlərə çatdırmalıdır və əksinə”.

 

Şəhriyar Rəhimov sonda qarşıdakı mövsüm üçün azarkeşlərə səslənib: “Ötən mövsüm ağır keçdi. Çempionatın sonunda daha yaxşı şəkildə çıxış edə bildik. Məqsədimiz qarşıdakı çempionatda da azarkeşləri sevindirməkdir. Kapitan heç vaxt rahatlaşmamalıdır. Mən böyük vədlər verməyi xoşlamıram. Çünki sözü tutmayanda məyus olursan. Amma bir şeyi söz verə bilərəm ki, “Kəpəz” üçün sona kimi mübarizə aparacağıq. Fanatlar buna əmin ola bilərlər. Onları da əvvəlki kimi komandaya dəstək olmağa çağırıram. Biz onlardan güc alırıq”.

Xəbər xətti