"Kəpəz"in debütantı: "Bütün çətinliklərə hazıram"

14:28 - 29 İyul 2017

Əvəzedicilərdən "Kəpəz"in əsas komandasına dəvət olunan futbolçulardan biri də Fərid Məmmədov olub.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu ötən mövsümdən ara-sıra əsas heyətə cəlb olunsa da, yay hazırlığından başlayaraq birdəfəlik Şahin Diniyevin sərəncamında olacaq. Diniyevin etimadını qazanan Fərid "sarı-göylər"in Bakı və Ərzurum hazırlığında ümidləri doğrultmağa çalışıb. Mütəxəssislərin fikrincə, perspektivli Məmmədov potensialını açsa bilsə, çempionatın tapıntısı olacaq. Tək məşqçilər yox, elə hamı ön xətt oyunçusunun parlayacağına böyük inam bəsləyir. 

 

Kapazpfc.az saytı gənc forvard ilə əlaqə saxlayaraq qarşıdakı mövsümə hazırlığın gedişi və çempionatdan gözləntiləri ilə maraqlanıb. Fərid söhbətə əvvəlcə əsas komandaya dəvət almasından danışıb: "Təbii ki, Şahin Diniyevin etimadını qazanmaq sevindirici oldu. Biz gənclər həmişə tezliklə əsas komandada oynamağın xəyalı ilə yaşamışıq. İndi bu arzumuz həyata keçib. Müəllimlərimizə təşəkkür edirəm. Onlar bizim böyük futbolçu kimi yetişməyimiz üçün çox əziyyət çəkiblər, yəqin ki, məşqçilərin səyi nəticəsiz qalmayacaq. Məsuliyyəti dərk edirəm, üzərimə düşən işin ən yaxşı şəkildə öhdəsindən gəlməyə səy göstərəcəm. Buna söz verirəm". 

 

Geniş çevrədə azarkeşlər arasında tanınmamasına baxmayaraq Məmmədov tezliklə futbolumuza səs salacağına inanır: "Futbolçu olub tanınmaq ürəyi bu idmanla döyünən hər bir yeniyetmənin, gəncin arzusudur. Mənim arzum reallığa çevrilmək üzrədir. Önümüzdə uzun yol var, fürsəti dəyərləndirməli, məqsədimzə nail olmalıyıq. Bu fikirləri mənimlə birgə əsas komandaya dəvət alan gənclərin də adından söyləyirəm. Əmim Azər Məmmədov böyük futbolçu olub, "Kəpəz"in kapitanı kimi fərqlənib. Onun kimi mən də sevilmək və seçilmək istəyirəm. Gəncədə azarkeşlər futbolu hədsiz sevirlər. Onlar qələbələr, uğurlarla nəfəs alırlar. Fanatların sevgisini qazanmaq asan olmayacaq. Amma mən bütün çətinliklərə hazıram". 

 

Gənc oyunçu "Kəpəz"in hazırlığı haqda isə belə danışıb: "Mövsüm öncəsi hazırlıq prosesi ağır keçir. Asan heç nə əldə olunmur. Bakıda və Ərzurumda yaxşı məşqlər keçdik. Əziyyət çəkmişik, bunun bəhrəsini görmək istəyirik. İnşallah, belə də olacaq. Öyrənməli olduğumuz çox şey var. Məşqçilər futbolçulara doğru yol göstərir, verilən tapşırıqların öhdəsindən gəlməyimizi istəyirlər. Mehriban kollektivimiz var, təcrübəli komanda yoldaşlarımız gənclərə kömək edirlər. Onlar bizə örnəkdirlər". 

 

Sonda Fərid qarşıdakı mövsüm ilə bağlı fikirlərini də bölüşüb: "Hər il çempionat maraqlı və gərgin mübarizə şəraitində keçir. Yəqin ki, bu mövsümdə də belə olacaq. Zəif rəqib yoxdur. Arzum komandamızın qələbələrinə oyunumla, qollarla töhvə verməkdir. Bilirəm ki, əsas heyətə düşmək çətin olacaq. Amma hər şey özümdən asılıdır. Üzərimdə işləsəm, məşqlərin fikrini özümə yönəldə biləcəm. Bakıdakı yoxlama oyunlarında forma geyindim, "Neftçi"yə qol da vurdum. Türkiyədə isə zədəli olduğumdan meydana çıxa bilmədim. İndi yaxşıyam, zədəm sağalıb".

Xəbər xətti