Gəncə şəhər stadionunun əsas meydanının yenilənməsi prosesi yekunlaşmaq üzrədir.
Sportal.az xəbər verir ki, işlər tamamlanmaq mərhələsində olduğundan qazon yoxlamadan keçirilib.
Bunun üçün arenada işləri həyata keçirən SİS şirkətinin əməkdaşları Gəncəyə təşrif buyurublar. Sirkətin portuqaliyalı və türkiyəli mütəxəssisləri vəziyyətlə yerində tanış olublar. Xüsusi texniki cihazlar vasitəsi ilə sahəyə baxış keçirilib, müvafiq qeydiyyatlar aparılıb. Meydanın stabilliyinə, qazonun sərtliyinə nəzər salınıb, ot örtüyünün keyfiyyətinə baxılıb.
Təftişlə bağlı SİS şirkətinin meydanlara baxım işləri üzrə direktoru Karlos Reyis kapazpfc.az saytına açıqlama verib: “Bu, test yoxlamasıdır. Deyə bilərəm ki, meydança sınaqdan uğurla keçdi. Vəziyyət yaxşıdır. Gəncədəki bu meydança Avropa stadionlarında olduğu kimi salınıb. Keyfiyyət eynidir. Qazonun hazırlanmasında görülən işlər, spesifik xüsusiyyətlər, texniki göstəricilər dünya çempionatına ev sahibliyi edəcək Rusiyada saldığımız 6 meydandan heç də fərqlənmir. Eyni şərtlər altında iş görüldüyündən duruma xas olan səciyyəvi özəlliklər də üst-üstə düşür. Hətta deyərdim ki, burada ot örtüyünün şəraiti daha yaxşıdır. Meydanın ətrafı açıq olduğu üçün havalandırması əladır. Bu da arenanın üstünlüyüdür”.
"Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın müasir standartlara cavab verən yeni ot örtüyünün yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulub. Xatırladaq ki, may ayının əvvəlindən başlanan işlər AFFA-nın maliyyə dəstəyi ilə aparılır.