"Kəpəz"in futbolçularının yeni il arzuları

12:07 - 31 Dekabr 2017

Bu gün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunur. Görəsən, “Kəpəz”in əsas komandasının futbolçuları əlamətdar bayramlarda xalqımıza, eləcə də özlərinə nə arzulayırlar? 

 

Sportal.az xəbər verir ki, Gəncə klubunun rəsmi saytı vu sualla “sarı-göylər”in bəzi üzvlərinə müraciət edib.

 

Şəhriyar Rəhimov: “Öncə bütün azərbaycanlıları təbrik etmək istəyirəm. Bizim üçün ən əsası həmrəy olmaqdı. Xalqımıza əmin-amanlıq arzulayıram. İnsanlarımız xoş günlər keçirib, mehriban yaşasınlar. Təqvimdə köhnə il yerini yeni ilə təhvil verir. Ümid edirəm ki, 2018-ci il hamımız üçün uğurlu alınacaq. Xüsusən də “Kəpəz”in uğurlu çıxışına ümid bəsləyirəm. Bunu hamımız istəyirik. 2017-ci ilin sonu bizim üçün yaxşı keçmədi. Azarkeşləri sevindirə bilmədik, inşallah, gələn il “Kəpəz”in ili olar. Əsas arzularımız budu. Bunun reallaşması üçün çox çalışmalıyıq. Şəxsi planda demək olar ki, bütün arzularım həyata keçib. Nə istəmişəmsə, qismət olub. İndi ön sırada komandamızdı”.

 

Tural Rzayev: “Hamını bayramlar münasibətilə təbrik edirəm. Həmrəy olmalı, birlik içərisində yaşamalıyıq. Yeni il yeni arzular, yeni istəklər deməkdi. Bizim əsas istəyimiz “Kəpəz”in uğursuzluğa son qoymasıdı. 2018-ci ildə komandamızın yenidən qələbələrlə azarkeşləri sevindirməsinə çalışacağıq. Bütün gücümüzü bunun üçün səfərbər edəcəyik. İnşallah, hər şey yaxşı olacaq. “Kəpəz”in heyətində daha yaxşı oynamaq və bununla da komandanın liderlərindən biri olmaq istəyirəm. Əsas arzum “Kəpəz”ə faydalı olmaqdı. Özümə həm də can sağlığı, zədəsiz mövsüm arzu edirəm. İdmançı üçün əsas zədə almamaqdı. Pul da həyatda vacibdi (gülür), amma canın sağlam olmasa, pul qazana bilməzsən”.

 

Şəhriyar Əliyev: “Əsas xoşbəxtlik və cansağlıdı. Həmyerlilərimə ilk növbədə bunu arzulayıram. Təbii ki, biz oyunçuların əsas arzusu çıxış etdiyim “Kəpəz” ilə bağlıdı. Hər bir futbolçu komandasına uğur qazandırmaq istəyir. Düzdü, indiki halda bizim medal əldə etməyimiz imkansız görünür. Amma ən azından çempionatda bizə yaraşmayan yerdən xilas olmaq üçün gücümüzü birləşdirməliyik. İnşallah, bu mövsüm olmasa da, gələn çempionat daha yaxşı şəkildə çıxış edib arzumuzu reallaşdırarıq. Mənim futbolla bağlı arzularımdan da biri milliyə dəvət almaqdı. Hər bir futbolçu bunu arzulamamış olmaz. Müxtəlif yaş qrupları üzrə yığmalarda oynamışam. İndi əsas millidə oynamağın vaxtı çatıb. Mənim oynayıb-oynamamağımdan asılı olmayaraq, yığma komandamıza uğurlar arzulayıram. Şəxsi planda isə gələn il ailə həyatı qurmağı planlaşdırıram. Məncə, artıq evlənməyin, subaylığa əlvida deməyin zamanıdı”.

Xəbər xətti