“Kəpəz” “Mançester Siti”nin sabiq oyunçusunu gətirdi

12:36 - 8 Yanvar 2018

Mövsümün ikinci yarısının hazırlıqlarına başlayan “Kəpəz” baxışa çağırdığı əcnəbilərin yolunu gözləyir. Gəncə klubu 6-7 yeni futbolçu axtarır və onların əksəriyyəti legioner olmalıdı.
 
Sportal.az xəbər verir ki, artıq bu gün liberiyalı Aleks Nimely komanda ilə birlikdə məşqlərə qatılacaq. Dünən komandanın düşərgəsinə gələn futbolçu baş məşq Yunis Hüseynovun etimadını qazanmalıdı.
 
27 yaşı mayın 11-də tamam olacaq hücumçu əsasən İngiltərədə oynayıb. Vətənində “Coton de Garoua”da 9 oyuna 5 qol vuran forvard 2008–2014-cü illərdə “Mançester Siti” üzvü olub. Burada cəmi 1 matça çıxan futbolçu “Midlsbro”, “Koventri”, “Kristal Pelas” və “Port Veyl”də 29 oyunda 1 dəfə fərqlənib. 6 il ərzində İngiltərədə cəmi 30 oyuna çıxan futbolçu özünü doğrulda bilmədiyindən Rumıniyaya yollanıb. “Poli Timişoara”da 10 matçda 3 qol vurduqdan sonra bu ölkənin digər təmsilçisi “Vitorul”a keçib (18 oyun, 4 qol). Ötən il Norveç “Stabek”ində 13 matça 2 qol vuran Aleks İngiltərənin U-20 yığmasında da çıxış edib (3 oyun, 1 qol).
 
“Kəpəz”in digər transferləri də həftə ərzində düşərgədə olmalıdı. Hüseynov qapıçı, mərkəz yarımmüdafiəçisi, mərkəz müdafiəçisi və daha bir hücumçu istəyir. (Futbolinfo.az)

Xəbər xətti