“Kəpəz” klubunun baş məşqçisi Yunis Hüseynov “Apasport”un suallarını cavablandırıb.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- Antalyada müqavilə bağlayacağınız Dario Federikonu da nəzərə alsaq, qış fasiləsində 9 transfer etmisiz. Daha hansı mövqelərə yeni oyunçu gətirməyi planlaşdırırsız?
- Hücum və müdafiənin mərkəzinə futbolçu axtarırıq. Onları da tapandan sonra demək olar ki, qış fasiləsindəki işimizin 40-50 faizini yerinə yetirmiş olacağıq. İzlədiyimiz oyunçular var. Qərarı Antalyada verəcəyik.
- Deməli, komandaya Türkiyədə qoşulacaq futbolçular legionerlər olacaq...
- Yəqin ki, legionerlər olacaq. Qış fasiləsində oyunçu tapmaq asan iş deyil. Baxışa gələnlər də az olur. Buna görə də, transfer məsələsində səhv etməməyə çalışmalıyıq. Səhv olsa belə, heç olmasa 20-30 faiz səhv edək.
- Bakıdakı hazırlıq prosesində Saşa Yunisoğlu da daxil olmaqla, bir neçə yerli futbolçunu baxışa dəvət etsəniz də, onlarla müqavilə bağlamadınız...
- Yaxşı, tanıdığım oyunçulardı. Amma bizə bu dəqiqə hazır futbolçular lazımdı. Onlar hələ ki, hazır deyildilər. Vaxtımız az qaldığından, həmin oyunçularla müqavilə bağlayası olmadıq.
- Ölkə kuboku ilə vidalaşan “Kəpəz” çempionatda sonuncu pillədə qərarlaşıb. Qış fasiləsindən sonrakı hədəfiniz nədi? İndidən növbəti mövsümün komandasını qurduğunuzu demək olarmı?
- Hələlik növbəti mövsümün komandasını 40-50 faiz qurmuşuq. Amma yüz faizlik yay fasiləsində olacaq. Hazırda məqsədimiz odu ki, “Kəpəz” yaxşı oyun göstərib, azarkeşlərini sevindirsin. Mübariz komanda yaratmaq istəyirik. Demirəm ki, bütün oyunlarda qalib gələcəyik. Amma hər bir rəqiblə başabaş mübarizə aparmalıyıq.
- Qış fasiləsində 11 futbolçu ilə vidalaşdınız və hazırda onların yerini doldurmaqla məşğulsuz. Heyətdə baş verən dəyişikliklər komandanı toparlamaq baxımından çətinlik yaratmayacaq?
- Bir həftədən çoxdu məşqlərə başlamışıq. Kollektiv arasında anlaşma pis deyil. Yeni gələn legionerlər yerli futbolçularla qısa zamanda ünsiyyət qura bildilər. Onların adaptasiya prosesini tez bir zamanda geridə qoyacağını düşünürəm. Komandada əhval-ruhiyyə normaldı. Oyun məsələsinə gəlincə, bu gecə Antalyaya təlim-məşq toplanışına gedirik. Orda 4 yoxlama görüşü keçirəcəyik. Türkiyədə komandanı daha yaxşı tərəfdən hazırlaşdırmağa çalışacağıq. İnanıram ki, ikinci yarıda oyun baxımından da çətinlik olmayacaq.
- Fiziki hazırlıq üzrə əcnəbi məşqçi axtarışınız nə yerdədi?
- Xarici məşqçi gətirmək istəyirəm. 2-3 namizəd var ki, onlardan birini seçəcəm.
- Bu məsələ nə vaxt həll ediləcək?
- Konkret vaxt deyə bilmərəm. Yəqin ki, bu, yay toplanışına qalacaq. Düzü, fiziki hazırlıq üzrə məşqçi məsələsində bir az gecikdik. Çünki fikrimi ilk növbədə, futbolçu seçiminə ayırmışdım. Buna görə də, yeni məşqçi götürməyi yaya planlaşdırırıq. Həmin müddətə qədər Yaşar Vahabzadə və Vidadi Rzayevlə birlikdə komandanın fiziki hazırlığına diqqət ayıracağıq. Bizim də bildiklərimiz var. Mənə elə gəlir ki, bu baxımdan da problem olmayacaq.
- Gəncə futbolunun yetirmələrindən olan Mahmud Qurbanov hazırda işsizdi. Onu “Kəpəz”ə gətirmək haqda düşünürsüzmü?
- Mən hər bir gəncəlini yanımda görmək istəyirəm. Amma “Kəpəz”ə baş məşqçi təyin olunanda Mahmud millidə köməkçi məşqçi işləyirdi. Həmin vaxt işsiz olsaydı, əlbəttə ki, onu komandaya cəlb edərdim. Mahmudu yaxşı tanıyıram, onunla yaxınam.
- Digər klublarımızdan kim öz transferləri ilə sizi çəkindirir?
- Əslində, diqqəti öz komandamıza yönəltmişəm. Amma saytlarda digər klubların da transfer xəbərlərini oxuyuram. Heç kimdən çəkinmirik. Əzmkar komanda qurmaq istəyirəm. Digər klublara hansı legionerlərin gəldiyinə fikir vermirəm. Azərbaycana gələn nə Messi olur, nə də Ronaldo. Düzdümü? Demək olar ki, eyni səviyyəli legionerlər gəlir. Sadəcə, maddi cəhətdən bir az fərqləri olur.