Antalyada hazırlıq keçən “Kəpəz” sınaq matçında Polşanın “Yagelloniya” klubu ilə qarşılaşıb.
Sportal.az saytı xəbər verir ki, matçdan 1:8 hesabı ilə məğlub ayrılan gəncəlilərin baş məşqçisi Yunis Hüseynov müsahibə verib.
- Böyükhesablı məğlubiyyət haqqında nə deyə bilərsiniz?
- Bura gələndən bir gün də olsun dayanmamışıq. İki çətin matç oynamışıq. Dünən də oyundan əvvəl çox ağır məşq etdik. Oyunçularımda yorğunluq var idi. Hətta meydanda hərəkətlərindən də hiss olunurdu.
- Hesabı qoyaq kənara, komanda oyunundan necə, razı qaldız?
- Bilirsiz, bu cür oyunlarda mən heç vaxt nəticəyə baxmıram. Əgər onların çemponatında oynasam, nəzərə alardım, amma mən Azərbaycanda, onlar Polşada oynayır...
- “Neftçi” 1:8 uduzdu, böyük rezonans yarandı...
- Mən sizinlə razıyam. Uduzmağı kim istəyər ki? Hələ bu hesabla uduzmağı heç kim sevməz. Amma yorğunluq çox idi də. Bunu mütləq nəzərə almalıyıq.
- Əgər ağır fiziki yorğunluq olmasaydı, uduzmayacaqdız?
- Sizi inandırım ki, mən bu komanda ilə bir də oynamaq istəyərdim. Menecerimizə deyəcəm, ayın 31-də bu komanda ilə imkan varsa, bir matç yenə salsın.
- Revanş almaq istəyirsiz?
- Revanş deməyək, sadəcə inanıram ki, komandam bunlarla bacara bilər. Göstərmək istəyirəm ki, bu nəticə təsadüfi olub.
- Dava necə oldu?
- Bizlik bir şey yox idi. Tərzini yıxdılar və sonra da yerdə təpik vurdular. Ondan sonra uşaqlar qarışdılar.
- Sanki qalmaqalın böyüməsinin bir səbəbi də hesabın böyük olması idi...
- Bir az gərginlik ola bilər, normaldı. Bu hesabı heç kim gözləmirdi. Amma yenə deyirəm, bu komanda ilə təkrar oynamaq istəyirəm. Yükləmə olmayan bir vaxtda.
- Bəs fasilədə oyunu yarımçıq qoymaq istəmirdiz? Çünki hakim dedi ki, göylər oynamaq istəmir...
- Xeyr, elə fikrimiz yox idi. 44-cü dəqiqə idi, elə bildim ilk hissə başa çatıb. Ona görə çağırdım komandanı.
- Baxışa cəlb olunan müdafiəçini keçən oyun bəyənmişdiniz. Bəs 8 qoldan sonra da onu saxlamaq istəyirsiz?
- 8 qolun hamısında o müdafiəçi səhv etmədi ki. Bütün komanda zəif oynadı. Hələ ki, fikirləşirik. Görək necə olacaq?
- Komanda iki hissədə fərqli çıxış elədi...
- Bax, məsələ budu. İkinci hissədə meydana çıxan futbolçularımız əvvəlki hazırlıq matçlarında az oynayıblar. Yəni çox yorğun deyildilər.
- Fasilədə kimisə danladız?
- Baş vermiş qalmaqalla bağlı dedim ki, elə şeyə yol vermək olmaz. Mən işlədiyim yerdə intizam əsas şərtdi. Sonra da uşaqları ruhlandırdıq ki, burda ciddi bir qəbahət yoxdu. Hazırlıq oyunudu, belə nəticələr mümkündü. Biz də ola bilər ki, kiməsə 8 qol vura bilərik.
- “Neftçi” və “Kəpəz” Azərbaycanın iki köklü klubudu. Siz və Tərlan Əhmədov da ölkə futbolunda önəmli xidmətlər etmiş adamlardansınız. Bu nəticələr acınacaqlıdı...
- Bunu belə qələmə vermək düzgün deyil axı. Mən izah etdim ki, çox yorğun idi futbolçularım. Bir oyun yenə keçirmək istəyirəm bu komanda ilə, onda sizi də çağıracam ki, gəlin baxın. (Komanda.az)