“Kəpəz”in əvəzedici heyətinə cəlb olunan Qaraxan Əliyev klubun rəsmi saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, gənc müdafiəçi söhbətə köhnə-yeni komandasına keçidindən başlayıb.
- “Kəpəz” mənim sevimli komandamdır, məşqçilər korpusundan təklif aldım və məmnuniyyətlə razılıq verib geri döndüm. Məşqçilərimiz məni yaxından tanıyırlar, nəyə qadir olduğumu bilirlər. Yenidən kluba qayıtdığım üçün sevincliyəm.
- Qaraxan, hazırlıq dövrünü necə qiymətləndirirsən?
- Hazırlıq dövrü həmişə çətin keçir. Çempionatda fasilə çox olduğundan məşq proseslərində yükləmələrə üstünlük verilir. Toplanış dövründə gündə iki dəfə məşq etmək asan gəlməsin. Elə gündə bir dəfə keçdiyimiz çalışmalar da ağır olurdu, çünki çox məşq edirdik. Komandada əhval-ruhiyyə yaxşıdır. Uşaqlar bir-biri ilə olduqca mehribandılar. İnşallah, hamımız əl-ələ verib komandanın düşdüyü vəziyyətdən çıxaracağıq. Çempionatı “Kəpəz”in adına layiq olan yerdə başa vurmağı hədəfləmişik. Bu yolda kollektivimizə uğurlar arzu edirəm.
- Yayda I divizionun iddialı klublarından olan “Şüvəlan”a keçməklə diqqətləri üzərinə çəkmişdin...
- Bu klubun şəraiti elita təmsilçiləri səviyyəsindədir. Yaxşı bazası, stadionu var. Ümumiyyətlə, futbol oynamaq üçün hər cür şərait yaradılıb. O ki, qaldı “Kəpəz”ə dönməyimə, mənə doğma olan komandaya bu çətin vəziyyətdə kömək etmək üçün geri qayıtdım. Gəncəli futbolçu kimi burada Qaraxan Əliyevə daha çox ehtiyac var.
- Yəqin həm də düşünürsən ki, əvəzedici heyətdən əsas komandaya düşə bilərsən.
- Əlbəttə, mən əvvəllər oynadığım vaxtlarda əsas komandaya dəvət almışam. Odur ki, oranın ab-havasını yaxşı bilirəm. Hədəfim bir yerli oyunçu kimi əsas komandaya düşüb orada möhkəmlənməkdir. Baş məşqçi Yunis Hüseynovun gəncəli olması da bizim üçün əla fürsətdir. Çünki o, buranın potensialını bilir. İnanıram ki, bir çox futbolçu əvəzedici heyətdən onun etimadını qazanacaq.
- “Kəpəz”i tərk edənə kimi kapitan sarğısını daşıyırdın. Yenidən kapitanlıq ürəyindən keçmir?
- Xeyr (gülür), mən komandadan gedəndən sonra kapitanlıq qapıçımız Cavid Əsgərova həvalə olunub. Cavid həm yaxşı oğlandır, həm də mövqeyində etibarlıdır. Liderlik keyfiyyətlərinə malikdir, sarğı onda qalsa, yaxşı olar. Kapitanlıqda gözüm yoxdur.