Bu gün "Neftçi” klubunun iki əməkdaşı Vahid Həmidov və Alim Məmmədovun vəfatından 8 il ötür.
Sportal.az xəbər verir ki, bununla bağlı klub anım mətni yayımlayıb. Mətndə deyilir:
“Neftçi”də qısa müddət işləməsinə baxmayaraq, kollektivin sevgisini qazanmış Alim Məmmədov az müddətdə yaddaşlara həkk olundu. Bacarıqlı əməkdaş olmaqla yanaşı Alimin qəlbində doğma "Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alim həm də sadiq dost, etibarlı sirdaş idi. Onun vəfatı həm "Neftçi” ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu. Həmin qəzada dünyasını dəyişmiş kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini "Neftçi”də çalışdı. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı. Bu gün onlar cismən bizimlə deyil, amma Vahid və Alimin əziz xatirəsi "Neftçi” ailəsi tərəfindən unudulmayacaq. Mərhum əməkdaşlarımızın ailəsinə Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, Vahid Həmidov və Alim Məmmədovun olduğu avtomobil 2010-cu ildə "Neftçi" Yevlaxda "Karvan"la Azərbaycan Premyer Liqası matçından qayıdarkən Şamaxı - Bakı yolunda qəzaya uğrayıb. Avtomobilin dərəyə yuvarlanması nəticəsində hər iki şəxs vəfat edib.
saytlarin hazirlanmasi