Sadiq Cavid: "Oyun və məşq azlığından istəyimizə tam çata bilmədik

14:52 - 21 Fevral 2018

Mövsümə “Neftçi”də start verən və ikinci dövrənin son turunda daha çox səhhətində yaranmış problemlə yadda qalan Sadiq Cavid bundan sonra “Yasamal”ın formasını geyinəcək.

 

Sportal.az xəbər verir ki, Yüksək Liqanın XVI turunda meydana çıxan iranlı futzalçı “Araz”la matçdan sonra həm yeni komandası, həm də səhhəti ilə bağlı danışıb. S. Cavidin AFF-nin facebook səhifəsinə müsahibəsini təqdim edirik.

 

- Çempionata “Neftçi”də başlasan da, qış fasiləsində “Yasamal”a keçdin. Bu yerdəyişmənin səbəbini izah edə bilərsənmi? 
- Müqayisə etsək, “Neftçi” daha peşəkar komandadı. Hər gün məşq keçirdik, baş məşqçimiz taktiki tapşırıqlar verirdi. Bir sözlə, komanda üçün nə lazımdısa, hamısı var. “Yasamal”da isə hər gün məşq keçmirik, özümüz daha çox fərdi qaydada hazırlaşırıq. Əsas odur ki, komandamızın üzvləri meydanda ürəklə oynayırlar. “Yasamal” “Araz”la əvvəl də oynayıb və birinci oyunda 0:4, ikinci qarşılaşmada 2:16 hesabı ilə yenilib. Bu dəfə rəqibə qarşı cəmi 5 nəfərlə mübarizə apardıq. Komandaları da müqayisə etsək, “Araz” hər cür şəraitə malikdi. Hər gün məşq edirlər, baş məşqçiləri var, taktiki çalışmalar yerinə yetirirlər. 

 

- “Yasamal”da baş məşqçi yoxdu. Oyun zamanı bu boşluq hiss olunurdumu?
- “Araz”ı izləmişdim, hansı sistemlə oynadıqlarını bilirdim. Əsas taktikaları 3-1 sistemidi. Yəni “stalba” irəlidə dayanır, arxadan top ona ötürülür və digər 3 oyunçu sağ-sol cinaha açılıb, topu qəbul edir, zərbə endirir. Biz də buna qarşı öz sistemimizi qurmuşduq. “Stolba”nı bağlamağa çalışdıq. Sadəcə, oyun və məşq azlığından istəyimizə tam çata bilmədik. 

 

- Bəs “Neftçi”dən niyə ayrıldın?
- Bu haqda danışmaq istəmirəm. Öz aramızda həll etməyə çalışacağıq. 

 

- İkinci dövrənin son oyununda meydanda huşunu itirdin və bir müddət xəstəxana şəraitində müalicə olundun. Bu baş verənlərdən sonra yenidən futzal oynamağın riskli deyil?
- Hər şey yaxşıdı. İzah edim, niyə belə oldu. Son matçdan əvvəl “Neftçi” – “Araz” oyunu zamanı yıxıldım və başım meydanın kənarındakı stola dəydi. Ondan sonra bu problem yarandı və “Marafon Futsal”la oyunda huşumu itirdim. İndi sağlamam, həkim müayinəsindən keçmişəm, sağlam olmağımla bağlı həkimin rəyini federasiyaya təqdim etmişəm. “Araz”la oyunda demək olar, əvəzlənmədim, sona qədər mübarizə apardım və heç bir problem yaşanmadı. 

 

- Bunun hansısa yükləmə ilə əlaqəsi yoxdu?
- Qətiyyən, ilk dəfə deyil ki, futzal oynayırıq. 

 

- Ancaq həkimlər fasilə verə-verə oynamağını məsləhət bilib.Sən isə məsləhətə qulaq asmırsan..
- Başa düşürəm, insana sağlamlığı hər şeydən vacibdi. Gərək sağlam olasan ki, oyunlarda da iştirak edə biləsən. 40 dəqiqə oynadım, indi də özümü yaxşı hiss edirəm. 

 

- “Yasamal”dakı şəraitin istənilən səviyyədə olmadığını dedin. Bəs bu şəraitdə komandanın Yüksək Liqadakı nəticələri müsbətə doğru necə dəyişəcək?
- Söz verirəm ki, komandamız daha yaxşı çıxış edəcək. Fasilədən sonra ilk oyunumuzu keçirdik. “Araz”ın da gücü hamıya məlumdu. Növbəti oyunlarda fərqli komanda görəcəksiniz. İşlər hər gün yaxşıya doğru dəyişir. Sponsorumuz şəraitimizi yaxşılaşdıracaq.

 

- Bəs baş məşqçisiz çətin olmayacaq?
- Məşqləri hələlik özüm keçirəm. Oyun zamanı da tapşırıqları verirəm. Ancaq baş məşqçi mütləq olmalı, kənarda dayanıb, tapşırıqlarını verməlidi. Rəhbərimiz Orxan müəllim (Orxan Allahverdiyev) hər şeyin yaxşı olacağını deyib. 
- “Yasamal”ın potensialı, gücü neçənci pilləyə yüksəlməyə imkan verir?
- Biz hər gün məşq etsək, üçüncü yeri tuta bilərik. Çünki mövsümün yarısı arxada qalıb, turdan-tura oyunların sayı azalır.

Xəbər xətti