Dieqo Souza: "Məğlubiyyəti yaşamaq ağırdı"

16:06 - 21 Fevral 2018

“Hava soyuq və yağışlı olsa da, meydanda gərgin mübarizə getdi. Düşünürəm ki, azarkeşlər yaxşı oyun izlədilər”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in əsas komandasının üzvü Dieqo Souza deyib. Yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında əvvəlcə Topaz Premyer Liqasının XVI turunda “Keşlə”yə qarşı oyunu dəyərləndirib. O, matçın maraqlı alındığını bildirib: “Hər iki tərəf lazım olan nəticə qazanmaq üçün meydana çıxmışdı. Yaradıcı futbola üstünlük verməklə həm yaxşı oyun nümayiş etdirmək, həm də qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Rəqib fərqlənəndən sonra oyun dəyişdi.
 
Məğlubiyyətdən qaçmağa çalışdıq. Qol vurmaq üçün bizim imkanlarımız daha çox oldu. Şansları boşa verdik. Futbolun acı tərəfi sənin 3-4 real qol epizodundan yararlana bilməməyinin qarşılığında rəqibin 1 vəziyyətdən düzgün istifadə etməsidir. Bu, futbolun yazılmayan qanunudur. Fərqlənmək üçün əlimizdən gələni etdik. Son nəticədə bəxtimiz gətirmədi. Komanda uğur qazanmırsa, yaxşı oyun göstərməyin mənası da olmur. Futbol nəticə oyunudur”.
 
Braziliyalı futbolçunun sözlərinə görə, komandanın hazırkı durumu azarkeşlər kimi onları da narahat edir və vəziyyətdən çıxış yolunu mütləq tapmağa çalışacaqlar: “İnanın ki, bu vəziyyət biz futbolçuları da məyus edir. İstər “Neftçi”, istərsə də “Keşlə” ilə görüşdə ümumilikdə götürsək, pis çıxış etmədik. Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur və bu amil nəticəyə təsir edir. Səylə məşq edirik, hazırlaşırıq. Məşqçilər də çatışmayan cəhətlərimiz üzərində bizi məşq etdirirlər”.

 

Dieqo öz oyunu haqda da danışıb: “Bu komandanın bir parçası olaraq uğura köklənmişəm. Yarımmüdafiəçi mövqeyində çıxış etdiyimdən həm hücumların qurulmasında, həm də müdafiə olunmaqda komanda yoldaşlarıma kömək edirəm. Meydanda bütün bacarığmı ortaya qoymaqla forma geyindiyim hər iki matçda maksimum şəkildə özümü göstərməyə çalışmışam. Nəticə müsbət olmayanda, kiminsə oyununu xüsusilə fərqləndirmək çətindir. Məğlubiyyəti yaşamaq ağırdır”.
 
“Kəpəz”ə gələnə qədər ölkəmizdə digər klublarda çıxış etmiş yarımmüdafiəçi baş məşqçi Yunis Hüseynovun yaxından tanıdığı simadır. Belə ki, Souza vaxtilə “Xəzər Lənkəran”da onun rəhbərliyi altında top qovub: “Yunis müəllim işinin peşəkarıdır, böyük xarakterə malik əla məşqçidir. O, həmişə bizi yaxşı motivasiya edir. Yalnız meydançada yox, futboldan kənardada oyunçuların qayğısına qalır”.

Xəbər xətti