Qış fasiləsindən sonra ardıcıl 3 məğlubiyyət alan “Kəpəz”də ara qarışıb.
Sportal.az xəbər verir ki, komandanın legioneri Şadon Vinçesterlə Samir Zərgərov arasında münasibətlər gərginləşib. Hətta onlar “Qarabağ”la dünən baş tutan oyundan bir gün öncə məşqdə əlbəyaxa olublar.
Bunları sport24.az-a müsahibəsində trinidad və tobaqolu futbolçu təsdiqləyib.
- “Qarabağ”la oyundan öncəki gün komandanın məşqində Samir Zərgərovla aranızda dava olub. Səbəb nədir?
- Bunu siz hardan bilirsiniz?
- Bizdə belə bir məlumat var...
- Bəli, məşqdə belə bir hadisə oldu. Samir Zərgərov mənə hücum etdi. Mən də özümü müdafiə etdim. Bu səbəbdən komandanın baş məşqçisi Yunis Hüseynov məni komandanın düşərgəsindən göndərərək cəzalandırdı. Samir isə komandadadır və dünən oyuna çıxdı. Mənim isə oynamağıma imkan vermədi. Aşkar şəkildə ortada haqsızlıq var və baş məşqçi mənə qarşı düz etmədi. Yunis Hüseynov mənim ictimaiyyətə soyuq olduğumu söyləyir.
- Səni komandadan göndərdilər?
- Yox, Bakıdayam. Sadəcə imkan vermədilər ki, dünənki matçda olum.
- İnanırsan ki, yenidən heyətə dönəcəksən?
- Komanda ilə müqaviləm var.
- Məşqlərə qatılacaqsan?
- Bugünki məşqə gedəcəm və komandaya kömək etmək istəyirəm. Görək baş məşqçi mənə nə qədər cəza verib.
- Baş məşqçi səni məşqə çağırıb, yoxsa özün gedirsən?
- Yox, heç kim mənə bir şey demədi. Məşqə getməyimə də icazə vermirlər. Sadəcə, gedəcəm və əgər məşqdə iştirak edə bilməsəm, qayıdacam.
- Davaya səbəb nə oldu?
- Bir az gərginlik oldu və bir-birimizlə danışırdıq. Birdən o mənə hücum elədi.
- Məşqə qatıla bilməsən, vətəninə yollanacaqsan?
- Məşqə qatılmaq üçün artıq icazə aldım.
saytlarin hazirlanmasi