UEFA avrokuboklarda yeni mövsümün detallarını açıqladı

19:59 - 27 Fevral 2018

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan 42-ci UEFA Konqresində avrokuboklarda 2018/19 mövsümü üçün tətbiq ediləcək dəyişikliklər açıqlanıb.

 

Sportal.az xəbər verir ki, artıq qurumun rəsmi saytında Çempionlar Liqası və Avropa Liqası iştirakçılarının necə müəyyənləşəcəyi detallı şəkildə təsvir edilib. 

 

Yeni formata nəzər yetirsək, gələn mövsüm əvvəlkilərdən fərqli olaraq, qrupa birbaşa yüksələn komandaların sayı 22 yox, 26 olacaq.

 

ÇL qrupunda birbaşa çıxış edəcək:

 

- Turnirdə son mövsümün qalibi

- Avropa Liqasının qalibi

- UEFA reytinqində ilk 4 pillədə qərarlaşan ölkələrin (İspaniya, İngiltərə, Almaniya, İtaliya) hərəsindən 4 komanda

- 5-6 yerlərin sahiblərindən (Fransa, Rusiya) 2 komanda

- 7-10-cu pillələrdə qərarlaşan ölkələrin (Portuqaliya, Ukrayna, Belçika, Türkiyə) çempionları

 

Beləliklə, təsnifat mərhələsindən qrupa yüksələnlərin sayı 10-dan 6-ya enib. Onlardan 4-ü çempionlar, 2-si qeyri-çempionlar yoluna aid vəsiqələrdi. Azərbaycan üçün məhz həmin 4 vəsiqə uğrunda mübarizə önəmlidi.

 

Yeni mövsümdən ilk dəfə ÇL-də mübarizə təsnifat mərhələsindən yox, ilkin mərhələdən başlayacaq. Burda Cəbəlüttariq, Andorra, San-Marino və Kosovo çempionları mini-turnirdə üz-üzə gələrək, qalibi müəyyənləşdirəcək və həmin komanda I təsnifat mərhələsində yarışacaq 33 komandaya qoşulacaq.

 

Əvvəlki mövsümlərdən fərqli olaraq, Azərbaycan çempionu da II yox, məhz I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Beləliklə, qrupa düşmək üçün artıq 4 raund keçilməlidi.

 

Hazırda ölkədə çempion olub, ÇL-ə qatılmağa əsas namizəd olan “Qarabağ”ın reytinqi onu deməyə imkan verir ki, təmsilçimiz səpələnmişlərdən olacaq və nisbətən zəif rəqiblə üz-üzə gələcək.

 

II təsnifat mərhələsində ilk raundun 17 xoşbəxtinə daha 3 komanda qoşulacaq. Onların arasında Xorvatiya, Avstriya çempionları var ki, bu klubların Azərbaycan təmsilçisinə rəqib olması istisna edilmir.

 

Azərbaycan klubu bu mərhələni keçəcəyi halda Hollandiya və Yunanıstan çempionları ilə üz-üzə gələ bilər. Bu raundda 12 komanda mübarizə aparacaq.

 

Pley-off-da isə cəmi 8 komanda yarışacaq. Azərbaycan çempionu bura kimi irəliləyə bilsə, İsveçrə, Çexiya çempionları ilə üz-üzə gələ bilər.

 

Çempionumuz qitənin ən nüfuzlu turnirinin təsnifat mərhələlərində yarışdan kənarlaşacağı halda, əvvəlki illərdə olduğu kimi Avropa Liqasında yarışmaq haqqı qazanacaq: I mərhələdə uduzarsa, II, ikincidə mübarizədən kənarlaşarsa, III, üçüncüdə dayanarsa, pley-off oynayacaq. ÇL-in pley-offunda məğlub olan komanda AL-in qrup mərhələsinə oynaya biləcək.

 

Avropa Liqasına gəlincə, gələn mövsüm hər 3 Azərbaycan klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq və burda da qrupa düşmək üçün 4 mərhələ keçmək lazım gələcək.

Xəbər xətti