“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Şükür Allaha ki, bu gün 3 xal əldə etdik. Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi... Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi. Əvvəllər bu duruma düşmədiyimizdən komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. Sevindirici haldı ki, çox yaxşı oynadıq. Məşqlərdəkilərin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq".