Qurban Qurbanov: "Onu limit üçün yox, əsas heyət üzvü kimi almışıq" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ" səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

 

- İlk olaraq, qol epizoduna toxunaq. Hakim qolu qeydə almasa da, sonradan fikrini dəyişdi.

- Əslində, ciddi bir şey baş vermədi. Soyuqqanlı idim. Çünki görünürdü ki, top qapıdan keçib. Baş hakim Orxan Məmmədov da bunu gördü. O da soyuqqanlı idi və mərkəzi göstərmişdi. Yan xətt hakimi nəsə fikir bildirmək istəyirdi. Bilmirəm, bəlkə də başqa şey demək istəyirdi. Normal qarşılayıram, bir az qarışıqlıq düşdü. Yekunda düzgün qol oldu.

 

- Topun qapıdan keçdiyini gördüyünüz üçün rahat idiniz?

- Mən rahat idim, baş hakimə baxdım, o da soyuqqanlı idi. Epizoda çox yaxın idi. Futbolçulara da demək istəyirdim ki, bir az rahat olsunlar. Baş hakim görmüşdü.

 

- Qol epizoduna kimi "Qarabağ" daha sürətli oynayırdı. Daha sonra isə komandanız bir qədər rahatlaşdı.

- Oyunun tempi ikinci qola kimi düşmədi. İkinci hissə daha sürətli başladı. İkinci qoldan sonra sürət aşağı düşdü. Qol vurandan sonra istər-istəməz ev sahibi komandası aktivləşir. Ayxan Abbasov "Sumqayıt"ın oyun sistemini ikinci hissədə dəyişdi. Buna görə də çətinliklər oldu. Hamı üçün maraqlı oyun oldu. Stadionu da çox bəyəndik. Futbolçular üçün burada oynamaq çox xoş oldu. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Bu gün əsl futbol ab-havası var idi.

 

- Reynaldo bu gün meydanda oldu. Onun gəlişindən sonra hücumçu probleminin aradan qalxdığını düşünmək olar?

- Gördüyünüz kimi, hələ tam hazır deyil. Antalyada ikinci məşqimizdə zədələnmişdi. Komanda ilə məşqlərə təzə başlayıb. Öz performansından uzaqdır. Reynaldo burda olanda da hücumda problemlərimiz var idi. Görürsən ki, bir oyunçu ön xəttdə kifayət etmir. Yüksək yerlər uğrunda mübarizə aparan komandada gərək, eyni səviyyədə olan bir neçə ön xətt oyunçusu toplaşsın ki, tempi qoruya biləsən. Ancaq indi də maraqlanırıq. Neçə illərdir axtarışdayıq, çətindir. Bu gün hər kəsdən razıyam.

 

- Qara Qarayevin yoxluğunda Hacıağa Hacılı meydanda oldu.

- Bu gün Mahir Mədətov və Miçel də yox idi. Hətta Şahrudin Məhəmmədəliyev də zədəli idi. Hacını komandaya limit üçün yox, əsas heyət üzvü kimi almışıq. Onun böyük potensialı var, gələcəkdə daha yaxşı və ciddi oyunçu olacaq.

 

- Şahrudin "Neftçi"ylə oyunda buraxdığı qola görə tənqidlərlə üzləşdi. Bir çoxları onun səhvinə görə bu matçda oynamadığını düşünürdü. Lakin siz zədəli olduğunu vurğuladınız.

- Bəli, bu fikri bilərəkdən dedim ki, başqa fikirlər olar bilər. Şahrudin bizim əsas qapıçılarımızdan biridir. Dünən məşqdə dizindən zədələnib. Bu gün iştirak ərizəsində yox idi. Səhvi hər kəs edir. Futbol səhvlər üzərində qurulub.

 

- Növbəti tur “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin görüş barədə fikirləriniz necədir?

- Çətin rəqibə qarşı oynayacağıq. Hiss olunur ki, “Qəbələ” ikinci hissəyə daha ciddi hazırlaşır. Vaxtıımız var, iki gündən sonra “Qəbələ” haqda düşünəcəyik. Biz hər bir rəqibə ciddi yanaşırıq.

Tarix: 9 Fevral [20:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Mart 2019
24  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio