Rayan Giqqz: "Qrup ikinciliyi uğrunda mübarizə bizimlə Slovakiya arasında gedə bilər"

15:52 - 18 Fevral 2019

AÇ-2020-nin seçmə mərhələsində yığma komandamızla eyni qrupda qərarlaşan Uels millisinin baş məşqçisi Rayan Giqqz "The Guardian"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis seçmə mərhələyə uğurlu başlamaq istədiklərini deyib:

 

"Əsas rəqiblərimizə qarşı yaxşı start verməliyik. Xorvatiyadan sonra qrup ikinciliyi uğrunda mübarizə bizimlə Slovakiya arasında gedə bilər. Slovakiyanın yeni baş məşqçisi var və onlarda istedadlı futbolçular cəmləşib. Marek Hamşik ön plana çıxır. O, "Napoli" tarixində Dieqo Maradonanı da keçərək, bombardir oldu. Slovakiya ilə ilk oyun böyük əhəməiyyət daşıyır".

 

Uels yığması Rayan Giqqzin rəhbərliyi altında keçirdiyi son 9 oyunun beşində uduzub. Mütəxəssis bu statistika ilə bağlı fikirlərini bölüşüb:

 

"Əgər Albaniyanı məğlub etsəydik, mən bunu uğurlu çıxış kimi qələmə verəcəkdim. Biz İspaniya, Uruqvay, Meksika ilə oynadıq, Danimarka ilə isə iki dəfə üzləşdik. Demək olar ki, hamısı dünyanın 10 ən güclü komandasıdır. Biz bu qarşılaşmalarda müxtəlif variantları sınadıq, rotasiyalar etdik. Bəzən məğlubiyyətlətdən çox şey öyrənmək olar".

 

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri eyni qrupda qərarlaşıblar.

Xəbər xətti