U-16 Liqası: "Qəbələ" vahid lider oldu

Fevralın 21-də U-16 Liqasında 19-cu turun oyunları keçirildi və birinciliyin ən maraqlı turu oldu. Gözlənilməz nəticələr, darmadağınlar, bol qollu oyunlar, turnir cədvəlində yerdəyişmələr… Hamısı bu oyun həftəsində var idi.

 

«Səbail» - ROİL 11:0
Qollar
: Rauf Ağasənov, 15, 38, 43, 44, 67; Arif Məmmədov, 28, 50, 69, 74, 80+3; Xəyal Əliyev, 51

 

Əminliklə bu turu «Səbail»in turu adlandırmaq olar. Ötən həftə «Neftçi»yə məğlub olan «Səbail» bütün acığını autsayderdən çıxdı. Komanda rəqibi 11 dəfə mərkəzdən başlamağa məcbur etdi. Vurulan qolların 10-u oyunun ən yaxşısı olan 2 futbolçunun payına düşdü. Oyunun ən yaxşıları sayılan Arif Məmmədov və çempionatın bombardiri Rauf Ağasənov «pentatrik» etdilər. Üstəlik, Rauf bu qollar sayəsində bombardirlər yarışında ən yaxın izləyicisi olan «Qəbələ»li Mehrac Baxşəliyevi 3 top geridə qoydu. Arifin isə ikinci pillədəki Mehraca çatmasına 2 qol qaldı. 

 

Bundan başqa böyük hesablı qələbə həm də «Səbail»i 3-cü pilləyə yüksəltdi. 3-6-cı yerlərdə qərarlaşan komandaların hamısının büdrəməsi «Səbail»in işinə yaradı. İndi bakılılar «Keşlə» ilə eyni xala sahib olsalar da, vurulan-buraxılan qolların fərqinə görə onlardan yuxarıda qərarlaşıblar. 

 

«Keşlə» - «Sumqayıt» 1:1
Qollar
: Kamal Kazımov, 7 – Sərvin İsmayılov, 43

 

«Keşlə»nin qara günləri davam edir. 10-cu tura kimi çempionatın vahid lideri olan və həmin vaxt çempionluğa ən real namizədlərdən sayılan komanda il başlayandan keçirdiyi 5 oyunda cəmi 5 xal toplayıb. Çempionluq bir yana indi bürünc medal üçün yarışan «Keşlə»nin bu gedişlə arzusu gözündə qalacaq. Komandada zədəli futbolçuların sayı çoxdur, ehtiyat qüvvə isə yox dərəcəsindədir. Bir yandan da bəxt də futbolçulardan üz döndərib…

 

«Keşlə» «Sumqayıt»la oyuna heç də pis başlamamışdı. Ərazi üstünlüyünə malik olan meydan sahibləri hələ 3-cü dəqiqədə hesabı aça bilərdilər. Lakin Əbil Əbilovun uzaq məsafədən vurduğu zərbəni «Sumqayıt»ın qapıçısı Pünhan Canlarov çətinliklə küncə göndərə bildi. 4 dəqiqə sonra «Keşlə» istəyinə çatdı. Qurban Səfərovun ötürməsindən sonra Kamal Kazımov bir toxunuşla karyerasının ən asan qollarından birini vurdu. 
Birinci hissədə qonaqlar rəqib qapısı önündə hansısa ciddi təhlükə yarada bilmədilər. Yalnız 2 halda İlkin Kərimli və Rüstəm Hümbətovun uzaqdan vurduğu zərbələr qapının azacıq üstündən keçdi. Topu özündə saxlamağa çalışan «Keşlə» rəqibi daha bir dəfə məyus etməklə rahatlıq tapmağa çalışırdı. Amma istəyinə çata bilmədi. Əvəzində ikinci hissənin lap əvvəlində qapısında qol gördü. 42-ci dəqiqədə Rəşad Həsənov topu qapıçı Cavid Qurbanova ötürdü. Top Cavidin ayağına oturmadı və qapıya doğru yönləndi. Özünü qapıçı meydançasında «mərmi»yə çatdıran Qurbanov onu uzuqlaşdırmaq əvəzinə səhvən əlinə götürdü və «partlayış» oldu – sərbəst zərbə. Sərvin İsmayılov «hədiyyə»dən imtina etmədi və hesab bərabərləşdi.
Bundan sonra meydanda açıq futbol getdi. Nəyin bahasına olursa olsun qol vurmağa çalışan «Keşlə» müdafiədə boşluqlar buraxırdı. Bunun nəticəsidir ki, sumqayıtlılar zaman-zaman meydan saihblərinə həyəcan yaşatdılar. 41-ci dəqiqədə Nihat Abbasov topu qapı xətti üzərindən çıxartmasaydı, «Sumqayıt» qələbə də qazana bilərdi. Hər halda «Keşlə» matçın son dəqiqələrində istəyinə çata bilərdi. Gəl ki Rəşad Həsənovun 80-ci dəqiqədə yaxın məsafədən vurduğu top qapının üstündən keçdi. Hakimin matçın əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə isə Rəşadın oxşar zərbəsini Sərvin İsmayılov boş qapıdan kənarlaşdırdı.

 

Növbəti xal itkisi «Keşlə»nin 4-cü pilləyə düşməsinə səbəb oldu. Hətta 5-ci yerə də yuvarlana bilərdi. Əgər «Qarabağ» sensasiyaya imza atmasaydı.

 

Oyunun ən yaxşılarına gəlincə, «Keşlə»nin baş məşqçisi Xəyat Mustafayev rəqibdən qapıçı Pünhan Canlarovla müdafiəçi Sərvin İsmayılovun oyunun bəyəndiyini söylədi. Qonaqların baş məşqçisi, təcrübəli Vaqif Paşayev isə 1 futbolçunun – Rəşad Həsənovun adını çəkdi. Müdafiədə etibarlı oyunu ilə seçilən və rəqib qapısı önündə qol epizodları yaxalayan Rəşad son dəqiqələrdə qol vursaydı təkcə komandasının deyil, oyunun ən yaxşısı olardı.

 

«Qarabağ» - «Zirə» 3:1
Qollar
: Süleyman Süleymanov, 33; Nəriman Axundzadə, 49; Orxan Əhmədov, 62 – Mirzəbəy Şahbazov, 58

 

Turun daha bir sensasiyası «Sərhədçi»də qeydə alındı. İddialı «Zirə» gözlənilmədən «Qarabağ»a məğlub oldu. Oyunboyu ərazi üstünlüyünə malik olan qonaqlar əzmkar rəqibin müdafiəsini yarmaqda çətinlik çəkirdi.
Oyunda hesab fasiləyə yaxın açıldı. Nəriman Axundzadədən ötürmə alan Süleyman Süleymanov komandasının ilk qolunu vurdu. Fasilədən sonra da sevinən tərəf «Qarabağ» oldu. 49-cu dəqiqədə bu dəfə Nərimanın özü fərqləndi. Ruhdan düşməyən «Zirə» hücumlarını davam etdirdi və 9 dəqiqə sonra Cəlal Hüseynovdan ötürmə alan Mirzəbəy Şahbazov buraxılan qollardan birinin əvəzini çıxdı. Gözləmək olardı ki, bundan sonra fərqlənən tərəf ruh yükləkliyində olan «Zirə»  olacaq. Amma Orxan Əhmədov qonaqların planlarını pozdu. Az əvvəl oyuna qoşulan Orxan Əliyev Mirmöhsün Caniyevdən aldığı ötürmə ilə matçda «nöqtə»ni qoydu.

 

«Qarabağ»ın baş məşqçisi Asif Əlizadə «Zirə»dən Cəlal Hüseynovun, «Zirə»nin baş məşqçisi Cəfər Hüseynov isə «Qarabağ»dan qapıçı Mirismayıl Rəhimovu rəqibin ən yaxşı futbolçusu hesab etdi.

 

«Neftçi» İK İB – «Viləş» 2:0
Qollar
: İlqar Kazımov, 24; Taleh Yusifov, 76

 

Matçda kağız üzərində üstün tərəf «Neftçi» İK İB idi. Bu üstünlük reallaşdı və meydan sahibləri növbəti qələbələrini qazandılar.

 

Hesab 24-cü dəqiqədə açıldı. Taleh Yusifovun cinah ötürməsindən sonra uzaq dirəyin yanında tək qalan İlqar Kazımov topu qapıdan keçirdi. Buna kimi isə «Viləş» 2 epizodda 100 faizli qol epizodundan yararlana bilməmişdi. Orxan Quliyev və Samir Əliyev qapıçı Murad Məmmədovla dueldən məğlub ayrılmışdılar. Fasiləyə kimi hər iki komandanın hesabı dəyişməyə başqa imkanları olsa da, rəqəmlər dəyişilməz qaldı.
Fasilədən sonra meydan sahiblərindən İlkin Əliyev, Anar Zamanov, qonaqlardan isə Samir Əliyev qol vurmağa yaxın oldular. Amma qapıçılar Murad Məmmədov və Məhəmməd Mehtiyev inamlı oynadılar. Matçın başa çatmasına 4 dəqiqə qalmış Məhəmməd də çarəsiz qaldı. Anar Zamanovdan ötürmə alan Taleh Yusifov topu onun başı üzərindən ataraq qapıdan keçirdi. 

 

«Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev «Viləş»dən Samir Əliyevlə Məhəmməd Mehtiyevin, «Viləş»in çalışdırıcısı Kənan Seyfullayevsə qalib komandadan Taleh Yusifovla Murad Məmmədovun oyununu xoşladığını söylədi.

 

İsgəndər Cavadov BFA – Gəncə TİM 1:2
Qollar
: Qoşqar Babayev, 43; Raul Əlizadə, 35; Röyal Əhmədov, 44

 

Qonaqların nisbi üstünlüyü ilə keçən matçda hər 2 komanda əzmkar oyunla yadda qaldı. Təhlükəli vəziyyətlər baxımışdan o qədər də bol olmayan qarşılaşmada hesab fasiləyə yaxın açıldı. Raul Əlizadə komandasını hesabda önə çıxardı. 

 

Fasilədən sonra mübarizə daha maraqlı xarakter aldı. 43-cü dəqiqədə Qoşqar Babayev hesabda tarazlıq yaratsa da, cəmi 1 dəqiqə sonra Ümid Səmədovdan ötürmə alan Röyal Əhmədov gəncəliləri yenidən hesabda önə keçirdi. Məhz bundan sonra meydan sahiblərinin oyununda mənfi mənada dönüş yarandı. Buraxılan 2-ci qoldan sonra özlərini toparlaya bilməyən bakılılar hesabı bərabərləşdirmək bir yana, 80-ci dəqiqədə azlıqda qaldılar. Qolun müəllifi Qoşqar Babayev ikinci xəbərdarlıqla meydandan qovuldu. Gəncə TİM isə buna kimi növbəti qola yaxın idi. Amma Röyal Əhmədov, Sənan Əliyev və Radil Tanrıverdiyev qol epizodlarından yararlana bilmədilər.

 

İsgəndər Cavadov BFA-nın baş məşqçisi gəncəlilərdən Ümid Səmədovla Raul Əlizadəni, Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov meydan sahiblərindən Vüsal Alızadə ilə Xəzər Ağalızadəni komandasının ən yaxşısı adlandırdı. Maraq üçün qeyd edək ki, İlham müllimin seçdiyi futbolçular oyuna əvəzetmədən daxil olmuşdular.

 

«Turan Tovuz» - «Qəbələ» 0:8
 

«Qəbələ» asan səfərdən 3 xal və vahib liderliklə döndü. Çempionluq yarışında rəqibi «Sabah»ın xal itirməsi əyalət təmsilçisini zirvəyə yüksəltdi. 80 dəqiqə qonaqların diqtəsi altında keçən oyunla bağlı isə… Matçın protokolunu əldə edə bilmədik. Hakimlər icazə vermədikləri üçün. Amma fərqlənən futbolçuların siyahısı məlumdur. «Qəbələ»yə qələbə gətirən qolları 8 futbolçu vurub. Gülağa Əsədov 2 dəfə fərqlənib. Qalan 6 qolun müəllifləri Orxan Səlimov, Anar Tağıyev, Taleh Qarayev, Rəşad Əmrahov, İxtiyar Məmiyev və Süleyman Damadayevdir.

 

«Sabah» - «Neftçi» 1:1
Qollar
: Şahmar Aşurov, 52 – Nihad Cəfərov, 54

 

Turun mərkəzi oyunu o qədər də baxımlı alınmadı. «Sabah» çətin rəqiblə oyunda mütləq qalib gəlməli idi. Əks-halda liderlik əldən gedəcəkdi. «Neftçi» də qələbəyə köklənmişdi. 6 oyundu qələbə qazanan və 5 oyundu qapısını toxunulmaz saxlayan komanda meydana başqa nə üçün çıxmalı idi ki?

 

Rəqiblərin heç biri istəyinə çata bilmədi. Heç-heçə «Sabah»ı liderlikdən etdi. «Neftçi»nin isə qələbə seriyasına və 5 oyunluq qapısının toxunulmazlığına son qoydu. Matçdakı qollar 3 dəqiqə ərzində gerçəkləşdi. 52-ci dəqiqədə Vüsal Mirzəyevdən cinah ötürməsi alan Şahmar Aşurov «Vətən»i hesabda önə keçirsə də, cəmi 2 dəqiqə sonra standart vəziyyətdən qol buraxdı. Künc zərbəsindən Ayxan Süleymanlının qapı önünə göndərilən topu qapıçı Kamran Şabıyev uzaqlaşdırsa da, Nihad Cəfərov qayıdan topu qapıdan keçirdi. 
«Sabah»ın baş məşqçisi İlqar Mənsimov «Neftçi»dən Tural Axverdiyevlə Vahid Vəliyevin, «Neftçi»nin baş məşqçisi Mirbağır İsayev isə «Sabah»dan Bəhruz Tanrıverdiyevin oyununu bəyəndiyini söylədi. 

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 25 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 22 qol, Arif Məmmədov («Səbail») – 18 qol.

 

U-16 Liqasında 20-ci turun oyunları fevralın 28-də keçiriləcək: «Sumqayıt» - «Qarabağ», «Zirə» - «Turan Tovuz», «Qəbələ» - «Səbail», ROİL – «Sabah», «Neftçi» - «Neftçi» İK İB, «Viləş» - İsgəndər Cavadov BFA, Gəncə TİM – «Keşlə».

 

«Het-trik news» qəzeti

 

Tarix: 23 Fevral [10:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio