Zlatko Daliç millimizin hansı futbolçusundan ehtiyat etdiyini açıqladı

14:27 - 18 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milli komandaları ilə qarşılaşacaq Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç açıqlama verib.

 

Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis müdafiə xəttindəki problemlərdən danışıb: "Azarkeşləri oyuna dəvət edirəm. Onların dəstəyinə ehtiyacımız var. Problemlərdən çox danışmaq istəmirəm. Mənfi düşüncələrə qapılmaq fikrində deyiləm. Sadəcə, müdafiə xəttində problemlər var. Əlimizdə olan futbolçular müdafiədə birgə çox oynamayıblar. Buna görə də kompakt olmaq çətindir. Azərbaycanla oyunda kimlərin müdafiədə olacağını danışmışıq. Hələ ki, yekun qərar vermədik. Lovre Kaliniçə də güvənim sonsuzdur. Ancaq digər qapıçımız Livakoviç də formadadır. İki gündə qərar verəcəyik. Yarımmüdafiə və irəli xəttdə oynyana oyunçularımızın vəziyyəti isə yaxşıdır".

 

52 yaşlı mütəxəssis fərqli oyun sistemində oynayacaqlarını bildirib: "Oyun sistemimizi dünya çempionatındakı çıxışımızla müqayisədə dəyişməliyik. İndi yaxşı vəziyyətdəyik. Topa nəzarət etməli, əks-hücum şansı gözləməli deyilik. Topu itirdikdə isə dərhal ələ keçirməliyik".

 

Xorvatiyalı mütəxəssis yığmaya ilk dəfə dəvət alan Zaqreb "Dinamo"sunun hücumçusu Bruno Petkoviç barədə bunları söyləyib: "Petkoviç bizə lazımlıdır və qapanan müdafiə xəttinə faydalı futbolçudur. Rebiçin də necə durumda olacağını görəcəyik. Petkoviç bizə yardım olacaq".

 

Zlatko Daliç millimizlə oyun haqda bu fikirləri səsləndirib: "Azərbaycan yığmasının heyətinə baxdım. Bəzi gənc futbolçuları dəvət ediblər. Ancaq təcrübəli və sabit futbolçuları da var. Braziliyalı futbolçu Riçard Almeydaya qarşı diqqətli olmalıyıq. Rusiya Premyer Liqasında çıxış edən futbolçuları var. Uzun ötürmələrə diqqət etməliyik. Azərbaycan ciddiyə alınacaq komandadır. Məsuliyyəti dərk edirik. Ciddi yanaşmasaq, problemlərimiz olacaq".

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək. Bundan 3 gün sonra "damalılar" Macarıstanın qonağı olacaq.

Xəbər xətti