Qurban Qurbanov: "Heç bir futbolçuyla bağlı qərar verilməyib"

20:45 - 13 Aprel 2019

Azərbaycan Premyer Liqasında XXIV turun "Qarabağ" - "Sabah" oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlırin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Həm də yaxşı oyunla qalib gəldik. Bundan əvvəlki oyunlarda rəqibə qalib gələ bilmirdik. Bu gün hesab 3:0 olsa da, "Sabah" pis oynamadı. Elşad Əhmədovu təbrik edirəm. Oyundan oyuna daha yaxşı olurlar.

 

- Bundan sonrakı turlarda ən çətin oyun hansını görürsüz?
- Növbəti oyun. Sona az qalıb. Hər matç daha çətin olacaq. Bütün görüşlər məsuliyyət tələb edir. Hər oyun daha çətin olacaq.

 

- Reynaldo və İnnosent Emeqara nə üçün ehtiyatda qalır?
- Hər oyun çətin olur. Digər futbolçular heç də pis oyun sərgiləmir. Onları da qarşıdakı oyunlarda əsas heyətdə görə bilərik.

 

- Məlumatlar yayılıb ki, "Qarabağ" bəzi legionerlərlə yollarını ayıracaq...
- Hələ heç bir futbolçuyla bağlı qərar verilməyib. Əlbəttə ki, yenə də heyətdə dəyişikliklər olacaq.

Xəbər xətti