Klublar finalın Naxçıvanda keçirilməsindən narahatdır

AFFA Klublar Komitəsinin bugünkü iclasında ilk olaraq, 2019-2020 mövsümündə Azərbaycan Premyer Liqasında gənc futbolçular üçün limit məsələsi müzakirə edilib.

 

Sportal.az xəbər verir ki, bu barədə komitə sədri Riad Rəfiyev toplantıdan sonra keçirdiyi brifinqdə deyib. O bildirib ki, müzakirələrə Peşəkar Futbol Liqası rəsmiləri və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç də qatılıb. İclasda həm klublar, həm də Obradoviçin fikirləri dinlənilib. Serbiyalı mütəxəssis 1998-1999 təvəllüdlü iki futbolçunun start heyətdə yer almasını təklif edib. Klublar isə buna fərqli yanaşıblar. Yəni, bununla razılaşanlar da, razılaşmayanlar da olub.

 

Rəfiyev gündəlikdəki daha bir məsələnin oyunların vaxtı ilə əlaqədar olduğunu diqqətə çatdırıb: "Artıq havalar istiləşməyə doğru gedir. Aprelin 13-də "Zirə" - "Sumqayıt" matçı saat 16:00-da başladı. Azərbaycan Kubokunda bu iki komanda arasındakı ilk yarımfinal görüşü isə saat 16:30-da start götürəcək. Fikrimizcə, artıq oyunların saatlarını dəyişsək və bir qədər gec saatlara təyin etsək, daha yaxşı olar".

 

Komitə sədri Azərbaycan Kubokunun final matçının süni işıqlandırma sistemi olmayan stadionda təşkilindən narahatlıq ifadə etdiklərini də vurğulayıb: "Əslində finalın regionda keçirilməsi gözəl fikirdir. Biz də bu ideyanı dəstəkləyirik. Sadəcə, bəzi nüanslar var ki, onunla əlaqədar müzakirə aparılır. Məsələn, Azərbaycan Kubokunun finalının Naxçıvanda keçiriləcəyi deyilir. Amma oradakı stadionda süni işıqlandırma yoxdur. Mayın 19-da havalar isti olacaq. Bununla əlaqədar hansı tədbirlər görüləcək? Belə məsələlər müzakirə olundu. Növbəti iclas mayın 14-nə təyin olunub. Ümidvarıq ki, hansısa dəyişiklik olsa, o vaxtadək bizə Peşəkar Futbol Liqasından xəbər gələcək".

 

Rəfiyev toplantıda İntizam Kodeksindəki bəzi bəndlərə yenidən baxılmasının təklif olunduğunu da diqqətə çatdırıb: "Klubların fikrincə, həmin bəndlərə baxılsa, daha yaxşı olar".

 

Nəhayət, UEFA-nın uşaq futbolu üçün klublara ayırdığı vəsaitin hara xərclənməsi də müzakirə olunub. Rəfiyevin sözlərinə görə, klublar gələn ay AFFA-ya bununla bağlı hesabatlarını təqdim etməlidirlər.

 

“Qəbələ”nin futbolçusu Stiven Monrozun səfərdə “Keşlə” ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçında ədəbsiz hərəkətə yol verməsi AFFA Klublar Komitəsinin iclasında müzakirə olunmayıb. Rəfiyev deyib ki, Monrozun davranışı ilə bağlı ölçü götürülməsi Klublar Komitəsinin səlahiyyətində deyil: “Onun məsələsinə İntizam Komitəsi baxaraq müvafiq qərar verəcək. Toplantıda tərbiyə işləri barədə danışdıq. Əlbəttə, Monrozun davranışı yaxşı hal deyil. Heç kim istəməz ki, belə alınsın. Biz və başqa klublar da müzakirələr aparırıq. Futbolçulara təkcə əsas komanda ilə deyil, akademiyada da özlərini necə aparmaları və media ilə necə münasibət qurmalı olduqları kimi məsələləri çatdırırıq”. (Report)

Tarix: 16 Aprel [12:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2019
23  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio