Ramil Şeydayev: "Karyeramı bitirəndən sonra Bakıya köçə bilərəm" - VİDEO

14:14 - 12 Sentyabr 2019

Azərbaycan millisinin və Rusiyanın "Dinamo" klubunun hücumçusu Ramil Şeydayev Moskvada yaşayan Anar İbrahimovun "Youtube"da "İbrakadabra" kanalının qonağı olub.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı forvard Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Səmədovla aralarında yaşanmış əhvalatdan danışıb:

 

- Bir dəfə Aleksandr Səmədovla bazadan taksi ilə qayıdanda yolda dünya çempionatı barədə söhbətimiz alındı. Mən dedim ki, dünya çempionatında 8-ci yer zəif nəticədir. O, mənim dediklərimə əsəbləşdi. Qəzəblə cavab verdi ki, biz 5-ci yer tutmuşuq! Mən məzələnirdim, o isə əsəbləşirdi.

 

Səmədov əla insandır. Həqiqətən də möhtəşəm oğlandır. Onunla müxtəlif mövzulardan danışmışıq. Azərbaycan millisindən çox söhbət etmişik. Millidəki vəziyyəti soruşurdu. Azərbaycan millisində oynamaması barədə söhbət edirdi. Bakıda Avropa Liqasının final matçının səfiri idi. Bakıda harda getməyi soruşurdu. Azərbaycandan qayıdandan sonra mənə Bakıdan bəhs etdi, çox xoşuna gəlmişdi.

 

-  Üç şəhəri fəxri kürsündə yerlərə ayır: Bakı, Moskva və Piter.
- Piter, Bakı, Moskva. Piter doğma şəhərimdir, orada doğulmuşam və ailəm orada yaşayır. Bakıda isə çox rahatam və bu şəhəri çox sevirəm. Gələcəkdə - futbol karyeramı bitirəndən sonra bəlkə ora köçdüm.

 

-  Səni harada daha çox tanıyırlar: Rusiyada, yoxsa Azərabycanda?
-  Azərbaycanda.

 

- Bakıdakı uşaqlar mənə sənin Azərbaycanda ulduz olduğunu demişdi.

- Məncə, elə deyil.

 

- Bir müsahibəndə iki il musiqiyə qulaq asmadığını demişdin. Bu, necə mümkün olur?

- Həmin müsahibəni Samarada vermişdim. Mən demək olar, musiqiyə qulaq asmadığımı söyləmişdim. Ümumiyyətlə dinləmədiyimi deməmişdim. Dostlarla maşında musiqiyə səs verirlər, qulaq asıram. Əsasən, dinə bağlı insanam. Dində irəli getmək istəyirəm. İstəyirəm ki, musiqini heç dinləməyim, amma alınmır.

 

-  Film çəksəydin, hansı futbolçuları dəvət edərdin?

-  Döyüş filmi çəkərdim və Ayaz Quliyevi dəvət edərdim.

 

Forvard aparıcının “Azərbaycanlı futbolçulardan biri deyirdi ki, dindar olduğu, namaz qılıb, oruc tutduğu üçün böyük klubda oynamaq onda alınmayıb. Bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb: “İbadət etməyim mənə mane olmur. Bəlkə kimlərinsə bu cür stereotipləri var. Ancaq oruc tutan zaman məşq və ya ondan kənarda çətin olmur. Özümü normal hiss edirəm”.

 

Şeydayev Türkiyənin “Trabzonspor” klubunda özünü niyə göstərə bilməməsinə də toxunub: “Trabzonda niyə alınmadı? Çünki şans vermədilər, etibar etmədilər. Karyeramla bağlı heç nəyə görə təəssüflənmirəm”.

 

Yığma üzvü Rusiyanın “Zenit” komandasında çıxış edən zaman futbolçu Halkla bağlı bir əhvalat danışıb: “Zenit”də Halkın fiziki cəhətdən nə qədər güclü olduğunu göstərən video-çarxın çəkilişi zamanı Andrey Arşavin də var idi. Amma o, ikinci planda qalmışdı. Orda mənimlə bərabər bir neçə gənc futbolçu da topla oynayırdı, Halk zərbə vurandan sonra isə top partladı. Başqa bir epizodda Halk ad günü münasibəti ilə şamları üfürən vaxt Andreyin əlindəki tort uçdu. Arşavin mənim üçün əfsanədir, Halkdan üstündür”.

 

 

Xəbər xətti