Milli üzvü: "Nəyinsə yüngül olacağını düşünməməliyik" - MÜSAHİBƏ

21:12 - 22 Sentyabr 2019

Azərbaycan millisinin hücumçusu Teles Thaqo azfutzal.az saytına müsahibə verib.

 

Sportal.az milliləşdirilmiş braziliyalının müsahibəsini təqdim edir:

 

- Rusiyaya doğma meydanda sürpriz edə bilərdinizmi?

- Çətin oyun oldu. Biz Bakıda yox, Rusiyada bu ölkənin yığmasına qarşı oynadıq. Təzyiq var idi, üstəlik, rəqibimiz bu gün dünyanın ən güclü komandalarından hesab olunur. Son dünya çempionatının finalçısıdırlar, dəfələrlə Avropa çempionatında final oynayıblar. Buna rəğmən, biz də pis oynamadıq. Hətta deyərdim ki, ikinci hissədə daha yaxşı oynayan tərəf biz olduq. Oyuna nəzarət edir, topu özümüzdə saxlayırdıq. Bizim üçün yaxşı test oldu. Yenə deyirəm, sıradan bir milli ilə qarşılaşmırdıq. Dünya çempionatının oyunları üçün yaxşı hazırlıqdı.

 

- Yorğunluq necə, hiss olunurdumu?

- Məşqsiz bir neçə oyunçunun meydana çıxması çətin olsa da, pis alınmadı. Kömək edə bildilər. Bir müddətdi bir yerdə çıxış etmirdik, Kardoso və Polettonun gecə komandaya qoşulması təsir edən amillərdəndir. Ancaq Edu, Amadeu və Vassora Bakıdakı toplanışda iştirak etmişdi. Bu gün yaxşı nə etdiksə, komanda olaraq bacardıq. Bu da Bakıdakı toplanışın səmərəli keçməsinin nəticəsidir.

 

- Oyunun ən yaxşısı seçildin. Sürpriz olmadı?

- Təki qələbə qazanaydıq, heç ən yaxşı seçilməsəm də olardı. Rusiyanı məğlub etsəydik... Təbii ki, fərdi mükafat qazanmağım digər oyunlara motivasiyamı artıracaq.

 

- Sabah İran millisi ilə qarşılaşacağıq. Dünya üçüncüsü ilə duel necə keçəcək?

- Son 3 ildə onlarla 3-4 dəfə qarşılaşmışıq. Əksər oyunlar 3:3 hesabı ilə başa çatıb. Onlara qarşı hər zaman yaxşı çıxış etmişik. İran da dünyanın ən yaxşılarındandır. Məncə, Rusiyaya qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Artıq təyyarənin yorğunluğu da çıxacaq. Sabah daha yaxşı olacaq.

 

- Dünya çempionatının əsas mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?

- Ağır oyunlar olacaq. Niyə? Bu gün dünyada yaxşı komandaların sayı çoxalıb. Hər kəs uğur qazanmaq istəyir. Amma biz doğma məkanda oynayacağıq və bu üstünlükdən yararlanacağıq. Çox işləməliyik. Nəyinsə yüngül olacağını düşünməməliyik.

Xəbər xətti