Azərbaycanlı futbolçunun atasına 17 illik həbs cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sportal.az “Report”a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Zahid Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

 

Əvvəllər məhkumluq həyatı yaşamış, Laçın rayonundan olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu istintaqa ifadəsində arvadını namus üstündə öldürdüyünü bildirib.

 

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

 

Məhkəmədə isə Zahid Novruzov ittihamla özünü təqsirli bilməyib və arvadını öldürmək niyyəti olmadığını bildirib.

 

Onun sözlərinə görə, silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: “Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb”.

 

Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: “Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim”.

 

Mərhumun oğlu Nurlan Novruzov 2014/15 mövsümündə “Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. O, Azərbaycanda “Səbail”, “Bakı” klublarında, həmçinin Türkiyə klublarında da oynayıb. Novruzov hazırda Moldovanın “Dinamo-Avto” klubunda çıxış edir.

 

Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 30 Oktyabr [00:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio