Nazim Süleymanov: "Abdullayevlə danışanda Elxan Məmmədov söhbətə qarışdı" - MÜSAHİBƏ

17:45 - 3 Mart 2020

AFFA Həmkarlar İttifaqının sədri Nazim Süleymanov müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan futbolunun canlı əfsanəsi gündəmdə olan bir sıra məsələlərə aydınlıq gətirib.

 

- AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov veteranlarla görüşdü. Orda siz və rəhbərlik etdiyiniz Həmkarlar İttifaqının üzvü olan başqa veteranlar da var idi. Bu görüşdən sonra bir-biriylə ortaq məxrəcə gələ bilməyən qurumlar yaxınlaşdı?

- Biz öz mövqeyimizdə qalırıq. Görüş zamanı daha çox veteranların işlə təmin edilməsi müzakirə edildi. Açığı, ora getmək fikrində deyildim. Sonradan bəzi məqamlara aydınlıq gətirmək üçün getməyə qərar verdim.


- Həmkarlar İttifaqının sədri Oqtay Abdullayevlə nə danışdız?

- Bizdən nə istədiklərini soruşdum. Niyə Həmkarlar İttifaqına qarşı çıxdığını öyrənmək istəyirdim.


- Öyrənə bildiz?

- "Biz başqa qurumuq, siz başqa” cavabını eşitmək xoş oldu. Elə mən də bunu dəqiqləşdirməkdə maraqlıydım. Ordakı insanların yalan danışdığına növbəti dəfə şahidlik etdim.


- Bəs Elxan Məmmədovla nəyi müzakirə etdiz?

- Oqtay Abdullayevlə danışanda Məmmədov da söhbətə qarışdı. Bu qurumu yaratmağa hüquqi cəhətdən ixtiyarımız olmadığını bildirdi. Hərə öz fikrini çatdırmağa çalışdı. Dəyişən bir şey olmadı.


- Qızğın mübahisə getdi?

- Diskussiya deyək.


- Rəhbəri olduğunuz qurumun sıralarını tərk edən, obrazlı yanaşsaq, "partizanlar”ı yarıyolda qoyub qaçanlarla – Babək Alxasovla, Əfqan Talıbovla da görüşdüz?

- Təbii ki, onlara iş vəd olunmuşdu. Aydın səbəbi yenidən aydınlaşdıraydıq? Nəyisə aydınlaşdırmağa ehtiyac yox idi. Hazırda üzvlərimizin sayı daha da artıb. Kimsə getmək istəyirsə, onu saxlaya bilmərik. Üzv olmaq, üzvlükdən çıxmaq könüllüdü.


- Ölkə prezidentinə yazdığınız məktub nə yerdə qaldı?

- Məktub ünvanına çatıb. Bizə imkan verməsələr də, fəaliyyətimizi davam etdiririk, cənab prezident İlham Əliyevə 511 nəfərin imzasıyla yazdığımız məktubun cavabını gözləyirik.


- Birdən mənfi cavab alsaz?

- Biz prezidentimizə inanırıq və ordan gələcək hər iki cavabı müsbət qəbul edəcəyik. Bizim üçün hər ikisi müsbət olacaq (fanat.az).

Xəbər xətti