Kamal Mirzəyev: "Əl-Salmiyə"dəki gələcəyim hələ bilinmir"

12:49 - 30 Mart 2020

Küveytin "Əl-Salmiyə" klubunda çıxış edən Kamal Mirzəyev Sportal.az-a açıqlama verib.

 

25 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasına görə yerli çempionatın avqusta kimi dayandırıldığını deyib:

 

"Avqusta kimi çempionat oyunları dayandırıldı. Turnir cədvəlində 3-cü sıradayıq. Liqada gərgin mübarizə gedirdi. Artıq 1 aya yaxındır fasilədir. Yalnız evdə oluram. Küveytdə evdən çıxış qadağandır. Hamı işlərini onlayn şəkildə edir. Mən də bu cür edirəm. İş yerlərində fasilə elan edilib".

 

Mirzəyev yaranmış fasilədə fərdi hazırlaşdığını deyib: 

 

"Fasiləyə baxmayaraq, fərdi məşqləri davam etdirirəm. Evdə filmlərə baxıram, yemək hazırlayıram, hərdən oyun oynayıram. Bəzi hallarda ailəm və dostlarımla əlaqə qurub, vəziyyətlə maraqlanıram".

 

Kamal "Əl-Salmiyə"nin aprelin 15-dən sonra əcnəbi oyunçuları vətənlərinə buraxacağını vurğulayıb:

 

"Klub aprelin 15-dən sonra əcnəbi futbolçuları ölkələrinə buraxacağını bildirib. Bakıya dönüş vaxtım bilinmir. Məşqçilər Bakıya dönəndən sonra hazırlıq planını mənə yollayacaq".

 

Mövsümün sonunda Küveyt təmsilçisi müqaviləsi başa çatacaq futbolçu gələcəyi barədə bunları deyib:

 

"Klubdakı gələcəyim hələ bilinmir. Yer kürəsində vəziyyət birdən-birə dəyişdi. Buna görə mənimlə yeni müqavilə barədə söhbət hələ olmayıb. Bundan sonra nə olacağı bilinmir".

Xəbər xətti