Vəli Qasımov: "Lixtenşteynlə oyundan sonra dedim ki, məni milliyə çağırmayın"

10:10 - 26 May 2020

Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov "Championat" nəşrinə müsahibəsində yığma barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o, millidə qol vurmamağının özünə də qəribə gəldiyini deyib:

 

"Mən oynayanda yığma komanda tez-tez toplaşırdı. Amma məni yoldaşlıq görüşlərinə buraxmırdılar. Bir qayda olaraq, yalnız rəsmi matçlara dəvət alırdım. Yığmada bir qol belə vurmamağım qəribədir. Səbəbini bilmirəm. Yəqin ki, yığmada daha çox iş görürdüm. Tez-tez geriyə qayıdıb, oyun qurmağa çalışırdım. İrəlidə az olurdum və daha çox meydanın mərkəzində komanda yoldaşlarıma kömək edirdim. Çünki digərlərindən daha təcrübəli idim".

 

Qasımov millidə çıxış etdiyi dönəm maliyyənin aşağı olduğunu deyib:

 

"Federasiyada həqiqətən pul yox idi, hər şeyə qənaət edirdilər. Tez-tez uçuş xərcləri üçün özüm pul ödəmişəm. Ancaq bu, hamının problemi idi. Cəmi 100 dollar mükafat verdikləri dönəm olub. İspaniyada oynadığım zaman bu pullar aviabiletlərə, maksimum isə hava limanında qəhvə içməyə xərclənirdi. Federasiyanı da başa düşmək olar. Amma istənilən halda üzücü idi".

 

O, AFFA-nın mərhum prezidenti Fuad Musayev ilə aralarında narazılıq olduğunu dilə gətirib:

 

"Aramızda bir neçə dəfə mübahisə yaşanmışdı. Bir dəfə məni Lixtenşteynlə oyuna dəvət etdilər. Amma heyətə salınmadım və uduzduq. Bunu özümə qarşı ədalətsizlik hesab etdim. Musayevlə danışmaq istəsəm də, o, mənimlə görüşməyi lazım bilmədi. Belədə baş məşqçiyə dedim ki, məni Portuqaliyadan ehtiyatda oturmaq üçün çağırırsınız? Əgər belədirsə, dəvət etməyin. Bundan sonra daha məni yığmaya çağırmadılar".

 

Veteran hücumçu o vaxtlar Rusiya millisində oynamaq istəyib-istəmədiyi ilə bağlı suala bu cavabı verib:

 

"Düzünü desəm, istəyirdim. Hər zaman idmanda ən yaxşı yerlərdə olmaq üçün çalışmışam, amma Azərbaycanda anadan olmuşan. Buna görə də ölkəmin millisində oynamağa qərar verdim".

 

2010-12-ci illərdə Azərbaycan millisində Berti Foqtsun köməkçisi olmuş veteran oyunçu almaniyalı mütəxəssis barədə bunları deyib:

 

"Foqts Azərbaycan futbolunda vahid sistem formalaşdırdı. Yerli məşqçi olsaydı, bunu bacarmazdı. O, yığmada ciddi nizam-intizam və qidalanma rejimi yaratdı. Futbolçular Foqtsa inanırdılar. Çünki onların əksəriyyəti əvvəl belə rejimlə qarşılaşmamışdılar. O, sərtliyi ilə tanınırdı. Səhər yeməyinin saat 9-da olduğunu söyləyirdisə, deməli, həmin vaxtda olmalı idi. Berti gecikənləri sərt şəkildə cəzalandırırdı".

Xəbər xətti