Futzal çempionatı erkən dayandırıldı

11:36 - 1 İyul 2020

Bu gün Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

 

Sportal.az xəbər verir ki, İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.

 

Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (4 lehinə) qəbul olunub.

 

Turnir cədvəlinin lideri "Araz" çempionatı qalib başa vurub. "Marafon" 2-ci, EKOL 3-cü olub.

 

Qərara əsasən, UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə Azərbaycanı “Araz” klubu təmsil edəcək.

 

Bombardirlər: Xətai Bağırov (Araz) – 39, Firudin Ağalarov (Premier, Quba // Xızı Futzal) - 29 qol

 

Qeyd: AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu  il tarixli, 13 nomrəli protokoluna əsasən, “Neftçi” İK – “Baku Fire” oyununda “Neftçi” İK-nın heyətində adı protokolda olmayan futzalçı meydana çıxdığına görə, matçın nəticəsi ləğv edilib, “Neftçi” İK komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.

 

"Premier" (Quba) komandası 3 dəfə Yüksək Liqa təqviminin oyununa çıxmadığına görə, AFFA-nın İntizam Komitəsinin 17 mart 2020-ci  il tarixli qərarı ilə yarışdan kənarlaşdırılıb. 

Xəbər xətti