Amil Yunanov: "Yerli klublardan təklif olmasa, xaricə yollanmaq üçün variantlar axtaracağam"

13:06 - 1 Avqust 2020

"Sumqayıt"la müqaviləsi başa çatan Amil Yunanov Sportal.az-ın suallarını cavablandırıb:

 

- "Sumqayıt"dan yeni müqavilə təklifi almısan?

- Klubla müqaviləm başa çatıb. Mənə yeni sözləşmə təklif etməyiblər. Komandada qalıb-qalmayacağım barədə bir söz deməyiblər. Əgər qalmalı olduğumu söyləsəydilər, bu gün komandanın tərkibində olardım.

 

- Komandalar yeni mövsümün hazırlığını davam etdirirlər. Mövcud durumdan narahat deyilsən?

- Əlbəttə, narahatam. Hamı təlim-məşq toplanışındadır, mən isə fərdi çalışıram. Bu vəziyyət məni çox narahat edir, ancaq gözləməliyəm.

 

- "Sumqayıt" öz tarixinin bombardiririnə niyə müqavilə təklif etmir? Mehdi Şərifi, Peyman Babayi də komandadan ayrılıb. Avropa Liqasında əsas hücumçu kim olacaq?

- Bunu mən deyə bilmərəm. Klub rəhbərliyi və baş məşqçiyə aid olan sualdır. Onlar daha yaxşısını bilirlər. Cavab verməyim düzgün olmaz.

 

- Milli komandaya qədər irəliləmişdin. Bu gün isə təklifsiz qaldığını görəndə harada yanlış addım görürsən?

- Futbolda enişlər olur. Normal haldır. Ancaq məndə enişin çox olduğunu düşünürəm. Həyatda həmişə doğru addım atmaq mümkün deyil, səhvlər hər zaman olur. Yanlışlar olanda gərək, səni dəstəkləyən məşqçi və futbol adamları olsun. Bu, futbolçu üçün çox vacibdir. Hər zaman stabil oynamaq mümkün deyil. Bu da normal haldır.

 

- Əgər yerli klublardan təklif olmasa, hansı qərarı verməyi düşünürsən?

- Yerli klublardan təklif olmasa, xaricə yollanmaq üçün variantlar axtaracağam. Yaxın insanlara demişəm ki, mümkün olsa, təklif edin, gedim. Hələ dəqiq bilmirəm, necə olacağını gözləyək. Allah hər şeyin yaxşısını biləndir. İnanıram ki, yaxşı olacaq.

Xəbər xətti