"Qarabağ"ın acı məğlubiyyəti

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı. Püşk Ağdam klubuna münasib rəqib salmışdı. Ancaq “Mölde”nin israrı ilə oyun neytral meydana - Kiprin Larnaka şəhərinə salındı. Bu da “Qarabağ”a psixoloji təsir edən amillərdən biri oldu. Elə məğlubiyyətin təməli bununla qoyulmuşdu.

 

Norveç klubu “Qarabağ”dan güclü rəqib deyil. Sadəcə, ağdamlılar ələ düşən fürsətlərdən düzgün istifadə edə bilmədi. İrəlidə Abdullah Zubirlə Mahir Emreli gözlənilən səviyyədə çıxış etmədilər, fürsətləri sağa-sola xərclədilər və yekunda komanda acı məğlubiyyət aldı. Qapıçı Şahruddin Məhəmmədliyevin zəhməti də hədər oldu...

 

Üstəlik, Azərbaycanda idman tədbirlərinə uzun müddət qadağa qoyuldu və komandaların birdən-birə özlərinə gəlməsi asan deyil. "Sumqayıt" və "Keşlə" Avropa Liqasında qalib gələ biləcəkləri rəqiblərlə bacarmadılar, "Neftçi" isə "Şkupi" səddini çətinliklə keçdi. Koronavirusa görə çempionatımızın dayandırılması, klubların uzun müddət məşqsiz qalmaları özünü göstərdi. "Mölde" "Qarabağ"la müqayisədə çempionat oyunlarına çıxmışdı və təmsilçimizdən daha hazırlıqlı idi.

 

Matçda görünürdü ki, “Mölde”nin istəyi oyunu penaltilər seriyasına aparmaqdır. Hiss olunurdu ki, buna xüsusi hazırlaşıblar. Buna görə də qapalı oyunla istəklərinə çatdılar. Təmsilçimizin penaltilərdə uduzması çox üzücü oldu.

 

Pley-off mərhələsinə yüksəlməklə Avropa Liqasının qrup mərhələsi də təmin olunacaqdı. Bu da “Qarabağ”ın büdcəsini xeyli zənginləşdirəcəkdi. Bu il yaxşı fürsət idi, pley-offda da “Qarabağ”ı dişinə uyğun rəqib gözləyirdi. Ancaq alınmadı, heyət Çempionlar Liqası üçün yetərli deyildi. Kreativ və aparıcı futbolçuların zədələnməsindən sonra ehtiyatda onları əvəzləyəcək futbolçu azdır. Bu heyət Azərbaycan çempionatı üçün yetərli sayıla bilər, amma avrokuboklarda irəliləmək üçün seçim imkanları çox olmalıdır.

 

Bu məğlubiyyəti unutmaq asan deyil. Ağdamlılar ötən mövsüm də III mərhələdə APOEL-lə oyunlarda üstün olsa da, mübarizəni dayandırmışdı. Ancaq “Qarabağ” toparlanıb, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

 

“Qarabağ” bu mövsüm də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla bu uğursuzluğu unutdura bilər.

 

Mehman Əşrəfov

Tarix: 17 Sentyabr [14:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2020
21  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio